Ölkəmiz daha bir beynəlxalq tədbirə ev sahibliyi edir.
Belə ki, 2 gün davam edəcək IV Şuşa Qlobal Media Forumu başlayıb. Tədbir “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub. Üstəlik, Forumda 53 ölkədən 160-a yaxın media nümayəndəsi, 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də ekspert və rəsmi şəxsin iştirakı nəzərdə tutulub. Eyni zamanda, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Tədbirdə medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.
“Konkret.az” saytının baş redaktoru, Əməkdar jurnalist Fadil Paşayev Hit.az-a açıqlamasında bildirib ki, Şuşada keçirilən IV Qlobal Media Forumuna təkcə növbəti media tədbiri kimi baxmaq doğru olmaz:
“Bu, Azərbaycanın son dörd ildə ardıcıl şəkildə qurduğu informasiya diplomatiyası arxitekturasının növbəti və uğurlu mərhələsidir. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan bu ilki foruma dünyanın təxminən 53-54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, eksperti və rəsmi şəxs, o cümlədən 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumunun nümayəndəsi qatılıb. Əlbəttə ki, Prezident İlham Əliyevin şəxsən açılışda iştirak etməsi və qonaqlarla birbaşa dialoqa girməsi tədbirin çəkisini daha da artırıb.
Şuşa media diplomatiyası layihəsinin kökləri 2022-ci ilə gedib çıxır. O zaman “Mediada qlobal trendlər, yeni çağırışlar” adlı ilkin Beynəlxalq Media Forumu keçirilmişdi. Forumun mövzularına diqqət edin. Hər il gündəm bir əvvəlkinin üzərində qurulur və qlobal informasiya mühitindəki dəyişikliklərə paralel inkişaf edir. Dörd forum ərzində 81 ölkədən təxminən 600 nüfuzlu media nümayəndəsinin iştirakı bu formatın artıq nə dərəcədə institutlaşdığını göstərir”.
Baş redaktor vurğulayıb ki, bu ilin mövzu seçimi təsadüfi deyil:
“Azərbaycan-Ermənistan sülh prosesinin davam etdiyi bir dövrdə medianın “həqiqətin bərpası və etimadın yenidən qurulması”ndakı rolunun önə çəkilməsi, Bakının region üçün informasiya müharibəsindən sülh kommunikasiyasına keçid strategiyasını əks etdirir.
Onilliklər boyu Qarabağ münaqişəsi ətrafında formalaşmış təhrif olunmuş təsəvvürləri dəf etmək, bölgədəki reallıqları, dağıntıları da, bərpanı da birbaşa beynəlxalq auditoriyaya göstərmək məqsədi güdülür. Prezident İlham Əliyev açılış görüşündə forumun məqsədini məhz bu kontekstdə izah edərək, qonaqların Qarabağın bərpasını “ilk dəfə” öz gözləri ilə gördüyünü vurğulayıb”.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, tədbirin hər il Şuşada keçirilməsi dünyaya ənənəvi mesajdır:
“Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bu şəhər eyni zamanda İkinci Qarabağ müharibəsinin rəmzi sayılır. Son illər burada Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günləri və bir sıra beynəlxalq idman yarışları keçirilib; media forumu bu silsiləyə növbəti həlqə kimi əlavə olunub. Media nümayəndələrinin Füzuli Beynəlxalq Hava Limanından Şuşayadək olan səfəri, yeni salınmış Qarabağ küçəsinə baş çəkmələri - bunların hamısı sadə proqram məsələsi deyil, xarici jurnalistlərə regionun fiziki və infrastruktur transformasiyasını bilavasitə nümayiş etdirmək məqsədi daşıyan diplomatik vasitədir.
Açılış çıxışında Prezident nəqliyyat-əlaqələndirmə layihələri üzərində on ildən artıq işlədiklərini xatırladaraq, Azərbaycanın coğrafi üstünlüklərindən istifadə edərək çoxtərəfli əməkdaşlıq platforması qurmağa çalışdığını bildirib. Bu fikir təsadüfi deyil: media forumu, faktiki olaraq, Azərbaycanın nəqliyyat dəhlizləri, enerji layihələri və regional sabitlik siyasətini beynəlxalq auditoriyaya izah etmək üçün əlverişli kommunikasiya kanalına çevrilir. Əvvəlki illərdə də bu formatda Zəngəzur dəhlizi kimi həssas mövzular müzakirə olunub və dövlət başçısının açıq cavabları tədbirin sırf akademik-media xarakterindən kənara çıxaraq siyasi çəki qazanmasına səbəb olub”.
Fadil Paşayev əlavə edib ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın xarici siyasətində nisbətən yeni, lakin sürətlə yetkinləşən bir alətin, informasiya diplomatiyasının təzahürüdür:
“Ölkə artıq özünü yalnız enerji ehtiyatları və hərbi potensialla deyil, həm də qlobal informasiya gündəminə töhfə verən aktiv iştirakçı kimi təqdim etməyə çalışır. Forumun miqyasının ildən-ilə artması (iştirakçı ölkə və media qurumu sayının yüksəlməsi), mövzuların qlobal media trendlərinə həssaslıqla uyğunlaşdırılması və dövlət başçısının şəxsi iştirakı bunu təsdiqləyir.
Biz artıq tam əminliklə deyə bilərik ki, Şuşa artıq regional media diplomatiyasının stabil məkanlarından birinə çevrilib və bu format gələcək illərdə də davam etdiriləcək kimi görünür”.
Elmir Mustafa



