Rəsulzadə: ”Qardaş Türkiyənin yardımı”, yaxud tarix təkrar olunurmu?

ÖLKƏ
12:25 / 09.09.2020
1387

Azərbaycan milli istiqlal tarixinin ən unudulmaz bir hadisəsi olan 15 sentyabr Bakının Qurtuluşu Günü yaxınlaşmaqdadır.102 il əvvəl böyük fədakarlıqlar yapan qəhrəman Türk əsgərinin Azərbaycanın xilasındakı cəsarəti və qardaş sevgisi heç zaman unudulmayacaq.30 ilə yaxındır ki, erməni əsarəti altında qalan doğma Qarabağ torpaqlarımızın da işğaldan azad edilməsində Azərbaycan əsgərinə dayaq olacaq həqiqi güc və qüvvət yenə o qəhrəman Türk əsgəridir. Özünün əqidə dostları və silahdaşları ilə ilk Azərbaycan Cümhuriyyətini yaratmış, Azərbaycan Milli Qurtuluş Hərəkatının əvəzsiz lideri M.Ə.Rəsulzadə Türklərin Bakıya dəvətində çox önəmli rol oynamış və 1918-ci ilin iyunun 4-də ilk rəsmi müqaviləyə də (M.Hacınski ilə birgə) imza atmış, sonradan Türkiyəyə gedib dövlət rəsmiləri ilə yardımla bağlı danışıqlar aparmışdı..Bunun nəticəsində Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycanın işğal edilmiş ərazilərini ermənilərdən və digər xəyanətkar ünsürlərdən azad etmişdi. Bu münasibətlə M.Ə.Rəsulzadənin 1923-cü ildə nəşr edilmiş bir yazısını oxuculara təqdim edirəm.

Nəsiman Yaqublu,

Tarix elmləri doktoru

QARDAŞ TÜRKİYƏNİN İMDADI

Mavərayi – Qafqasiya hökumətinin inhilalı ilə Batumdakı heyəti – mürəxxəsə dəxi bittəb inhilal eyləmiş, onun müqabilində Azərbaycan, Gürcüstan və Ermənistan heyətləri münfəridən sülh müzakirəsini idamə etdirmişlərdir. Batumda 4 həziranda dövlətəleyh hamına ədliyyə naziri və birinci mürəxxəs Xəlil bəy ilə Şərq orduları komandanı və ikinci mürəxxəs Vəhib paşa həzrətləri Azərbaycan namına Şurayi – Milli rəisi Rəsulzadə Məhəmməd Əmin və Xariciyyə Naziri Məhəmməd Həsən bəylər tərəfindən bir müxadinət əhdnaməsi imza edildi. Bu müahidənin 4-cü maddəsinə binaən məmləkətin əmniyyət və asayişini iadə etmək üzrə Azərbaycan Cümhuriyyəti Türkiyədən müavinəti - əsgəriyyə istəmək həqqini caiz idi.

Azərbaycanın nə kimi müşkülatə məruz qaldığı və bu təhlükəli müşkülatdan çıxa bilməsi üçün Türkiyənin müavinətinə möhtac olduğunu Azərbaycan müməssilləri Trabzon ilə Batumda Türklərlə vaqe olan təmasları əsnasında gərək şifahən və gərək təhrirən anlatmışlardı. Bu kərə Azərbaycan Şurayi – Millisi naminə biz və Xariciyyə Nəzarəti naminə də Məhəmməd Həsən bəy salifüzzikr müahidənin 4-cü maddəsinə istinadən Türkiyə hökumətinə müraciətlə qəvayi – imdadiyyə istədik.

Bütün Azərbaycan xəlqinin çarçeşmlə bəklədiyi ümidə tərcüman olan bu müraciətimizə Türkiyə heyəti – mürəxxəsəsi həmən müvafiqət cavabını verdi. Fəqət Gürcüstan təriqi ilə gedəcək olan qəvayi – imdadiyyə, Almaniya hökumətinin göstərdiyi müşkilatdan dolayı istənildiyi bir sürətlə yetişəmiyordu. Şərait və vəqaye – fövqəladə içərisində elani – istiqlal edən Şurayi – Milli Gəncəyə nəql etdi.

Həziran ayının 16-da əqd eylədiyi tarixi cələsəsində Şurayi – Milli Fətəli xanın ikinci kabinəsini təşkil və bütün ixtiyaratını məzkur hökumətə həvalə edərək, əhvali – fövqəladə həsbilə kəndisi tətili – müzakirat eylədi. Məclisin bu xüsusda ittixaz eylədiyi qərar bir vəchi – ati idi: “Azərbaycanın keçirməkdə olduğu müşkilati – daxiliyyə və xariciyyəyi nəzər etibarə alaraq Azərbaycan Şurayi – Millisi bütün hüquq və səlahiyyətini Fətəli xan Xoyski təhti – riyasətində təşəkkül edən kabinəyə həvalə və məzkur kabinəyi arayi – ümumiyyə üzərinə müstənd bilətəxir məclisi – müəssisan dəvət oluncaya qədər Azərbaycan həqqi – hakimiyyətini kəndi əlində bulunduraraq kimsəyə tərk etməməyə müvəzzəf edir”.

Azərbaycan Şurayi – Millisinin şu surətlə tətili o zaman Gəncədə hüsulə gələn bir taqım siyasi mübarizələr nəticəsində hasil olmuşdu. Bu mübarizə məmləkət üsul – idarəsinə aid demokrasi cərəyanlarla aristocrat zehniyyətlər arasında vüquə gəliyordu. Hər tərəfdən düşmən bir qüvvətlə mühat olan məmləkətdə bu kimi mübarizələri bir zaman müvəqqət üçün bir tərəf etmək lüzumu vardı. Bu lüzum səlahiyyəti – vaseyi haiz bir hökumət təşəkkülü surətilə təmin edilə bilmişdi.

Azərbaycan tarixi – təşəkkülündə vəqaye – mühümmədən olan bu hadisə əsnasında Şurayi – Millinin nə kimi hissiyyat ilə mütəhəssis olduğunu göstərmək üçün rəisi olmaq sifətilə söylədiyimiz ixtitam nitqini qismən buraya dərc ediyoruz: “… Əvət, əfəndilər! Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncədə naqis də olsa hakimiyyəti – milliyyəyi təmsil edən bir müəssisənin şu surətlə meydandan çəkilmək məcburiyyətində qalması heç şübhəsiz, demokrasinin bir ricəti və qəvayi – mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət ağ və pak qüvvətlərə müqabil qara və papak qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi – nəzərdən görülüncə ilk baxışda bizim halımız Ukrainanın halına pək bənzəyor kimidir. Bu hallar bizdə Rusiya məqasidi – inqilabiyyəsinin iflasına dair bir əqidə hasil etdiriyor. Fəqət, Əfəndilər! Zavahirlə qalmıyalım, səthi düşünmiyəlim, pək də məyus olmuyalım. Rusiya inqilabi - əzimi, hər bə deyirlərsə - desinlər, qətiyyən iflas etmədi. Rusiyada inqilab nə yapacaqdır? Bu sualla “Böyük Rusiya” fikri ilə məsum olan rus inqilabçıları nöqteyi – nəzərindən deyil, inqilabın kəndi təbiətini təhlil edərək cavab verməlidir. Böylə baxılırsa, Rusiya inqilabı məzlum və məğdur siniflərlə məhkum millətləri azad etməlidir. Məğdur siniflər, təqdir edəlim ki, istədiklərindən fəzləsini aldılar. Millətlər isə birər – birər kəsbi – istiqlal ediyorlar. İnqilab dünyanın altıda birini tutan böyük Rusiya yaratmaqlamı müvəzzəf idi? Qətiyyən deyildi. İfrata varan sinif hürriyyətləri əlbəttə ki, təqyid olunacaq və mötədil bir şəklə girəcəkdir. Çünki hürriyyətin bu şəkli heç şübhəsiz ki, hürriyyət deyil, bir afətdir. Fəqət, bu yolda yapılacaq ricət, əminəm ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun övtəsində deyil, yerisində tovqif edəcəkdir. Demək, əhvali - əvvəlkinə nisbətlə hər halda iyi olacaqdır.

Əfəndilər! Bən sabiq Rusiya ərazisində güzəran etməkdə olan bu vəqaeyə böylə baxıyoram. Buna görə də hala ümidlərimə bərabər yaşayoram. Biliyoram əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş olduğu müsbət nəzəriyyələrlə elan etdiyi əqanimi – hürriyyətdən son dərəcədə istifadə edəcəkdir. İştə müstəqil bir Azərbaycan: siyasətin kəsbi – hürriyyət və istiqlal edəcək Azərbaycanda ictimai hürriyyətlər və hüquqi – bəşərə aid düsturlar hər halda müstəbid Rusiya zamanından daha geniş, daha müsaid olacağına şübhə etməm. Hətta, əfəndilər, söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər və inqilabçı təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim daxili hürriyyətlərimizə icrai – nüfuz edən və edəcəyi mütəsəvvir bulunan qüvvət yabançı bir qüvvət deyil, öz qüvvətimizdir (alqışlar). Buradan istiqbal, böyük və şanlı bir millətin müxtəlif şöbə və budaqlarını tovhidə doğru gedəcəyi eyni məqsədimizdir (alqışlar). İctimai və hüquqi hürriyyətlərlə bilfərz qaib etsək belə siyasətən qazanacaq təlafiyi – mafat edəcəgiz. Halbuki, Ukraina və ya Gürcüstan öylə deyildir.

Əvət, əfəndilər! Pək də naümid olmayalım. Tarixin, amali – milliyyəmiz nöqteyi – nəzərindən, müsaid bir zamanında olduğumuzu, türk ittihadı üçün fürsət ələ keçdiyini unutmayalım. Bütün məsaimizi bu hürriyyəti – siyasiyyənin təsbitinə sərf edəlim. Bunun üçün də hər dürlü fədakarlığa amadə bulunalım!”

Yuxarıda müqtəbəs qərarnamə üzərinə Şurayi – Milli tərəfindən məmləkətin idarəsinə müvəkkil olan hökumət bir an əvvəl Bakını istirdad edəcəkdir.

Nuri paşa məiyyətindəki ordunun müavinəti ilə az bir zaman içərisində Bakı vilayətindən maəda, bilcümlə Azərbaycanda əmniyyət tamam təmin edildi. Yalnız Bakı ilə həvalisi bolşeviklərin əlində idi. Bunlar ara – sıra xüruc yaparaq təcavüzdə belə bulunuyorlardı. 5-6 aylıq bir fürsətdən bilistifadə bolşeviklər olduqca mühüm bir müdafiə qüvvəti hazırlamışlardı.

Xaricdən, Azərbaycan və Türkiyə qəvayi – milliyyəsi tərəfindən təzyiq olunan bolşevik – daşnaksityun qüvvəti daxilən sarsılıyor, aralarına nifaq giriyordu. Biləxərə məhsur bulunan Bakıda bolşevik diktaturasına qarşı bir ixtilal zühur və mövqei – iqtidar, erməni alayları ilə Bakı limanındakı bəhriyyələrə istinad edən ermənilərlə ruslardan mütəşəkkil bir “direktvara” intiqal ediyor. Bu direktvar ingilisləri Bakıya dəvət ediyor. O zaman İranda bulunan ingilis komandanlığı vaqe olan bu dəvət üzərinə Bakıya əsgər çıxarıyor. Vəziyyət bu şəkilə girincə Türkiyədən yeni qüvvətlər cəlbinə lüzum görülüyor. Almanlar isə - yuxarıda zikr edildiyi vəchlə - Gürcüstan təriqi ilə Bakıya gedən Türkiyə qəvayi – imdadiyyəsini təvəqqüfə uğratıyorlar. Bunun üzərinə Bakının istirdadını da iyulun 15-nə qədər gecikiyor.

Nəhayət, qanlı bir müqatilə və ünud bir müqabilədən sonra qardaş xilasına can atan qəhrəman Məhəmmədciyin türk vəhdəti – tarixində altun hərflərlə yazılacaq bir fədakarlığilə Azərbaycan qəvayi – milliyyəsi kəndi paytaxtına giriyor. Altı ay tamam xuni – cigər yeyən əhvali – islamiyyəsinin üzü gülüyor. Qurban bayramı kimi məsud bir gündə Bakı təkrar kəndi sahiblərinin əlinə keçiyor.

O zaman biz İstanbulda idik. Vüstayi – Avropa dövlətlərinin iştirakı ilə toplanacaq konfransa iştirak üçün digər Qafqasiya Cümhuriyyətləri ilə bərabər Azərbaycan Cümhuriyyətini təmsil edən heyəti – müəxxəsə riyasətində bulunuyorduq. O dövrün Hərbiyyə Naziri və Baş Komandan vəkili bulunan Ənvər paşa həzrətləri telefon ediyorlardı: “Əmin bəy, Bakı alındı!”.

Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil təsvir edəməm. O təsiri hala unudammıyoram.

Bundan bir kaç gün əvvəl Almaniya hökumətinin bir qərarını protesto etmişdik. Almaniya dövləti bolşevik hökuməti ilə Brest – Litovsk müahidəsinə zeyl olaraq yapdığı bir müahidə mucibincə Bakı vilayətinin ta Kür nəhrinə qədər ruslara tərkinə riza göstərmiş, müqabilində kəndisinə petrol imtiyazını təmin eyləmişdi. Ustadımız Əhməd bəyin təbiri – vəchlə bizi bir təngə qaza satmışdı. Bu münasibətlə bizə müraciət edən qəzetəçilərə: “Bakısız Azərbaycan – başsız bədəndir!” demişdik. Qafası məshur Kiyotin məngənəsində bulunan bir adamın xilası nasıl bir həyati – novin isə, Bakının istirdadı dəxi o nisbətdə ecazkar bir vəqiə idi. Həm həqiqətən də öylə idi. Sonra mənhus bir ixtilal nəticəsində məzarları münsi qalan Anadolu Məhəmmədcikləri Bakıdakı şəhadətləri ilə türklüyə yeni bir siyasi vücud əta ediyorlardı. Maddətəm münsi, fəqət, mənən bütün qəlblərdə mədfun bulunan bu qəhrəman şəhidlər yalnız Bakıdamıdırlar? Naxçıvandan, Qarabağdan, Şamaxıdan, Gəncədən ta Bakıya qədər bir yer varmı ki, orada böylə bir fədakar yatmasın?!..

Əvət, Azərbaycanın hər cəhətində şairin təsvir etdiyi “Sarmaşıqlı bir məzar” bulursunuz ki, qızlar, gəlinlər tərəfindən ziyarətgah halına qonulan bu məzar, qardaş imdadına qoşan TÜRK məzarıdır.

0
Moderator.az