Yetkin tirannozavrın 66 milyon il əvvəl buraxdığı ilk izlərdən birini tapıldı

DÜNYA
21:57 / 10.09.2026
39

Alimlər ilk dəfə yetkin tirannozavra aid olduğu ehtimal edilən izlər silsiləsini aşkarlayıblar. Bu tapıntı yırtıcı dinozavrın qədim landşaftda necə hərəkət etdiyinə dair yeni məlumatlar verir.

HİT.az xəbər verir ki, Denverdəki Təbiət və Elm Muzeyi və İngiltərənin Con Mur adına Liverpul Universitetinin alimləri tərəfindən aşkarlanan izlər barədə “Phys.org” “Journal of Vertebrate Paleontology” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.

Təxminən 7 metr uzunluğundakı iz silsiləsi dörd üçbarmaqlı ayaq izindən ibarətdir. İzlər Şimali Dakotanın cənub-qərbində yerləşən Hell-Krik formasiyasında aşkarlanıb. Hər bir izin uzunluğu təxminən 0,9 metrdir. Alimlərin hesablamalarına görə, izlər təxminən 66,5 milyon il əvvəl buraxılıb.

Əvvəllər ayrı-ayrı ayaq izləri yetkin tirannozavr rekslərə aid edilsə də, bu, alimlərin məşhur dinozavrın buraxdığı ehtimal edilən ardıcıl izlər silsiləsini ilk dəfə təsvir etməsidir.

“Denverdəki Təbiət və Elm Muzeyinin onurğalı paleontologiyası şöbəsinin baş kuratoru Tayler Layzon bildirib ki, sümüklər bu heyvanlar haqqında çox şey danışır, lakin izlər onların davranışlarının konkret anını qeydə alır.

“İzlər silsiləsi sayəsində biz landşaft boyunca hərəkət edən heyvanı faktiki olaraq izləyə bilirik. Bu, tirannozavr üçün son dərəcə nadir haldır”, – Layzon qeyd edib.

İz 2025-ci ildə ABŞ Meşə Xidmətinin idarə etdiyi federal torpaqlarda, Şimali Dakota ştatının Marmart şəhəri yaxınlığında aşkarlanıb. Alimlər hər bir izi və bütün iz silsiləsini sənədləşdirmək üçün səthin yüksək dəqiqlikli 3D skanından istifadə ediblər.

Əldə edilən rəqəmsal modellər alimlərə izləri ətraflı şəkildə araşdırmağa və onların fiziki 3D surətlərini hazırlamağa imkan verir.

Tədqiqatın əsas müəllifi, Con Mur adına Liverpul Universitetinin paleobiologiya professoru və dinozavr izləri üzrə mütəxəssis Piter Folkinkemq bu izləri canlı olaraq heç vaxt görməyib.

Onun sözlərinə görə, müasir rəqəmsal texnologiyalar həmkarlarına izləri sahədə skan edərək 3D məlumatları ona göndərməyə imkan verir. O, həmin məlumatları kompüterində və virtual reallıq mühitində vizuallaşdıraraq izləri onları yerində görən həmkarları qədər detallı şəkildə araşdıra bilir.

İz silsiləsində iki sol və iki sağ ayaq izi qeydə alınıb. Addımlar arasındakı məsafə təxminən dörd metr olub. Alimlər heyvanın saatda 5,6-7,2 kilometr sürətlə hərəkət etdiyini hesablayıblar. Bu sürət insanın normal, geniş addımlarla yerimə tempinə təxminən uyğun gəlir.

Lakin izlərin ciddi şəkildə aşınması səbəbindən hərəkət sürəti ilə bağlı hesablamalar təxmini xarakter daşıyır.

Bu ərazini aşkarlayan və araşdırmanın həmmüəllifi olan Nortqlenn orta məktəbinin müəllimi Kent M. Haps bildirib ki, müəllim kimi həmişə şagirdlərinə elmin maraq, heyranlıq və diqqətli müşahidədən başladığını deyir.

“Mən heç vaxt təsəvvür etməzdim ki, bu, məni belə bir kəşfə gətirib çıxara bilər”, – o deyib.

Samir
 

0