Çindəki Çjetszyan Universitetinin psixoloqları müəyyən ediblər ki, “hesablayıcı düşüncə tərzi” adlanan xüsusiyyət – sosial və mənəvi problemləri şüursuz şəkildə riyazi baxımdan təhlil etmək vərdişi – insanları pul və ya status naminə öz prinsiplərindən imtina etməyə sövq edə bilər.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri beynəlxalq mütəxəssislər qrupu tərəfindən “PsyCh Journal” elmi jurnalında dərc olunub.
584 könüllünün iştirakı ilə üç mərhələdə aparılan tədqiqat zamanı alimlər müəyyən ediblər ki, fayda və xərcləri daim hesablamağa meyillilik mənəvi özünəhaqq qazandırma mexanizmini işə salır.
Elmdə “mənəvi uzaqlaşma” kimi tanınan bu proses insanlara qeyri-etik davranışlarını daxildə əsaslandırmağa, başqalarına vurulan zərəri kiçiltməyə, öz hərəkətlərinin nəticələrini təhrif etməyə və məsuliyyəti başqalarının üzərinə atmağa imkan verir.
Nəticədə belə insanlar üçüncü şəxslərdən şübhəli yardım qəbul etməyə və ya şirkətin xərclərini azaltmaq məqsədilə sadiq əməkdaşları işdən çıxarmağa daha çox hazır ola bilirlər.
Təcrübənin üçüncü mərhələsində alimlər xüsusi yazılı tapşırıq vasitəsilə iştirakçıların bir hissəsində hesablayıcı düşüncə tərzini süni şəkildə aktivləşdiriblər. Onlardan həyata riyazi yanaşmanın faydalarını təsvir etmək tələb olunub.
Məlum olub ki, bu iştirakçılar nəzarət qrupundakı şəxslərlə müqayisədə həmkarından ədalətsiz yardım qəbul etməyə daha çox hazır olduqlarını bildiriblər. Bu yardım digər insanlara birbaşa zərər vursa belə, onların qərarına təsir göstərməyib.
Tədqiqatçılar qeyd ediblər ki, emosiyalar insanların vicdanla güzəştə getməyə hazırlığına ciddi təsir göstərməyib. Əsas hərəkətverici qüvvə soyuq hesablama olub.
Məqalənin müəlliflərinin sözlərinə görə, bazar məntiqinin insan münasibətlərinə tətbiq edilməsi əsas empatiya hissini və sosial etimadı zəiflədir.
“Riyazi düşüncə tərzi insanları ətrafındakı şəxsləri yalnız faydalılıq prizmasından qəbul etməyə vadar edir. Bu zaman dostlar, həmkarlar və hətta tərəfdaşlar sərf olunan səylərlə əldə edilən nəticənin nisbətinə əsasən qiymətləndirilir”, – alimlər izah ediblər.
Belə münasibətlərdə istənilən hərəkət və öhdəlik “qiymət – keyfiyyət” və ya “töhfə – mükafat” nisbətinə endirilir. Bu isə ünsiyyətdə spontanlığı və səmimiliyi aradan qaldıra bilər.
Mütəxəssislərin fikrincə, müasir korporativ mədəniyyət və rəqəmsal məhsuldarlıq göstəricilərinin geniş tətbiqi bu tendensiyanı daha da gücləndirir və insanı şəxsiyyətsiz bir funksiyaya çevirir.
Alimlər vurğulayırlar ki, həyatın sosial aspektlərinə riyazi yanaşmanın şüurlu şəkildə azaldılması insanlar arasındakı münasibətlərin səmimiliyinin və möhkəmliyinin qorunmasına kömək edə bilər.
Samir


