“Heç demə həmin vaxt döyüşdə imiş, bizdən gizlədirmiş...” - Vətən müharibəsinin 18 yaşlı şəhidi

ÖLKƏ
12:44 / 08.02.2021
12313

 “...Hər dəfə zəng vuranda bir bəhanə ilə danışmaqdan imtina edirdi. Gah deyirdi komandir gəlir, danışa bilmirəm. Gah da tələsik sağollaşırdı. Şübhələnmişdim. Buna görə də çox nigarandım”.

Bunu Vətən müharibəsinin 18 yaşlı şəhidi Toğrul Feyzizadənin atası İlqar Feyziyev deyir. Ata hər cümləsinin sonunda dərin bir ah çəkir. Əlavə edir ki, Toğrul ona tək oğul yox, həm də arxa-dayaq, yoldaş, dost olub. Övlad  kimi həmişə başını uca edib.

Feyziyevlər ailəsi Xəzər rayonu, Binə qəsəbəsində, “Binə sovxozu” adlanan ərazidə yaşayır. Toğrul üç uşaqlı ailənin ilk övladıdır. O, hələ uşaqlıqdan zəhmətə alışıb. Orta məktəbi bitirən kimi  şadlıq evlərinin birində ofsiant kimi işə düzəlib, ailəsinin dolanışığına kömək etməyə çalışıb. Eyni zamanda, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə daxil olub. Ötən il mayın əvvəlində hərbi xidmətə yollanıb. Gedərkən yaxınlarına bildirib ki, hərbi xidməti başa vurandan sonra işləyəcək, könül verdiyi qızla nişanlanacaq.  

Ata danışır ki, Toğrul noyabrın 1-də gecə yarısı onlarla əlaqə saxlayıb, amma nigaran qalmamaları üçün cəbhəyə yola düşəcəyini ailəsindən gizlədib. Səhəri gün Füzuli, Xocavənd, Qızılqaya istiqamətində gedən döyüşlərə qatılıb. Amma nə qədər gizlətmək istəsə də, o, oğlunun müharibəyə getdiyini hiss edib. Buna görə də günlərlə əli ürəyinin üstündə gəzib: “Ağcabədidə xidmət edirdi. Soruşanda deyirdi hərbi hissədəyəm, məni müharibəyə aparmayacaqlar. Heç demə, həmin vaxt qızğın döyüşlərin getdiyi ərazilərdə olub, döyüşüb, snayper olub. Noyabrın 4-də bələdiyyədən dayısına zəng vurub şəhid olduğunu deyiblər. Dayısı da mənə dedi ki, yaralanıb, amma dərhal hiss etdim ki...”,- dərdli ata yenidən kövrəlir.

Əlavə edir ki, Toğrul bir dəfə olsun onları incitməyib, bacısına-qardaşına nümunə olub: “Mən qaynaqçıyam, ötən il pandemiya səbəbindən iş olmadı, cəmi bir dəfə işə çıxdım. Toğrul işləyib mənə kömək edirdi. Hər işdə köməyimə çatırdı. Bir bilsəz, necə mehriban, qayğıkeş, zəhmətkeş uşaq idi, kimsənin xətrinə dəyməzdi. Arzuları, planları vardı. Ömrü o qədər qısa oldu ki... Heç birini həyata keçirə bilmədi. Sonradan dedilər ki, sevdiyi varmış”.

Döyüşçü yoldaşları da Toğrul haqda fikirlərini bölüşüblər. Deyirlər ki, Toğrul onlardan yaşca kiçik olsa da, ürəklə döyüşüb. Bir neçə dəfə öz həyatını təhlükəyə atıb, yaralı döyüşçü yoldaşlarını güllə altından çıxara bilib.  Amma döyüş zamanı düşmən mərmisinin yanında partlaması nəticəsində şəhid olub. “Toğrul qısa ömründə çoxlarına nümunə olacaq ömür yaşadı. Snayper kimi tanındı. Mərmi partlaması nəticəsində diz qapağından ayagi çıxıb və çoxlu qanaxma nəticəsində şəhid olub”,-dostları sosial şəbəkələrdə yazıblar.  

Toğrul noyabrın 7-də yaşadığı Binə qəsəbəsində torpağa tapşırılıb. Ölümündən sonra  “Vətən uğrunda” və “Füzulinin azad edilməsi uğrunda” medalları ilə təltif olunub.

İndi ailəsinin yeganə təsəllisi 18 yaşlı şəhid Toğrul Feyzizadə və onun kimi Vətən uğrunda canından keçən igid oğulların qanının yerdə qalmaması, eyni zamanda,  müharibənin qələbə ilə bitməsidir. İllər keçəcək, 44 günlük Vətən müharibəsi haqqında dastanlar, hekayələr, nəğmələr yazılacaq. Ömür payını Vətən üçün yaşayanlar həmişə ehtiramla xatırlanacaqlar.

0
Virtualaz.org