Rafel Cəbrayılov dövlət hesabına tutulmuş vəkildən İMTİNA ETDİ

ÖLKƏ
15:59 / 17.06.2021
1266

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə hazırlıq iclası keçirilib. 

HİT.Az xəbər verir ki, Rafael Cəbrayılov onun üçün dövlət hesabına tutulmuş vəkildən imtina edib. 

Keçmiş deputat bildirib ki, onun hüquqlarını ailəsinin müqavilə bağladığı vəkil müdafiə edəcək. Həmin vəkil isə prosesdə media nümayəndələrinin iştirakını qəbul etməyib. O, həmçinin hakimdən xahiş edib ki,  proses zamanı audioyazı və videoçəkilişə icazə verilməsin.

Hakim də öz növbəsində audioyazı və videoçəkilişin qadağan olduğunu bildirib. Bununla belə, o, prosesin açıq keçirildiyini və jurnalistlərin də iştirak hüququnun olduğunu xatırladıb. 

Rafael Cəbrayılovun işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Keçmiş deputat onlardan toplam olaraq 2 milyon 571 manat pul alıb. 

Hazırlıq iclasında tərəflərin anket məlumatları dəqiqləşdirilib. Tərəflər məhkəmə tərkibinə etiraz etməyiblər. Məhkəmə baxışı iyunun 30-nə təyin edilib.

Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Rafael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. 

VÜQAR

0