ÖLKƏ
11:12 / 03.12.2021
173

Demokratik İslahatlar Partiyası jurnalistləri mükafatlandırdı - FOTOLAR

Demokratik İslahatlar Partiyası "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafatı 2020-2021-ci illərdə ona layiq görülən jurnalistlərə təqdim edib.

HİT.az xəbər verir ki, sözügedən mükafat və müvafiq diplom Ermənistan-Azərbaycan münaqişəsi, ölkənin siyasi həyatı ilə bağlı obyektiv yazılarına görə Leyla Tarverdiyevaya (day.az saytının əməkdaşı), ölkənin ictimai-siyasi həyatı ilə bağlı obyektiv məqalələrinə görə Emil Salamoğluna (“Yeni Müsavat” qəzetinin əməkdaşı), 44 günlük Vətən Müharibəsi dövründə döyüş bölgəsindən verdiyi operativ və obyektiv reportajlara, eləcə də müharibədən əvvəlki dövrdə populyar olan "Vətənə xidmət edirəm" adlı layihəsinə görə Elmira Musazadəyə  (CBC telekanalının əməkdaşı) və 44 günlük Vətən Müharibəsi dövründə cəbhənin qaynar nöqtələrindən verdiyi operativ və obyektiv xəbərlərə görə İbrahim Həşimova (Kamiloğlu) ( "Xəzər” telekanalının əməkdaşı) təqdim edilib.

DİP sədri, millət vəkili Asim Mollazadə Azərbaycanın milli və çağdaş mətbuatının yaranması və inkişafında əvəzsiz xidmətləri olan iki böyük şəxsiyyətin adını daşıyan bu mükafatı ona layiq olan jurnalistlərə təqdim etməkdən qürur duyduğunu bildirib. Onlara bu şərəfli və çətin yolda böyük uğurlar arzulayıb.

Qeyd edib ki, hərbi əməliyyatlar başa çatsa da, Vətən Müharibəsi hələ bitməyib, növbəti mərhələyə keçib. Bu mərhələ də Azərbaycanın haqq davasının bütün dünyaya düzgün çatdırılmasından, düşmənlərin bizə yönələn informasiya müharibəsinin qarşısının alınmasından, ona layiqli cavabların verilməsindən ibarətdir. Bu mərhələdə də döyüş günlərində olduğu kimi, jurnalistlərin əməyinə, fədakarlığına böyük ehtiyac var. Ümid edir ki, bu mükafat jurnalistlərə üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirmək yolunda mənəvi dəstək olacaq.

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

0