Uşaqların həddindən artıq əsəbi olmasının səbəbləri nələrdir?

ÖLKƏ
22:50 / 23.02.2024
362

Son zamanlarda uşaqların həddindən artıq aqressiv olmasına şahidlik edirik. 

Hətta bəzən azyaşlılar arasında yaşanan bəzi problemlər də ictimailəşir. Əsas səbəb olaraq isə artıq uşaqların əsəbi və davaya meyilli olması göstərilir. 

Ümumiyyətlə, son zamanlarda uşaqların həddindən artıq əsəbi olmasına səbəb nədir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən psixoloq Nabat Mirzəyeva bildirib ki, indiki dövrdə uşaqların aqressiv olmasının ən böyük səbəbi telekanallarda, sosial şəbəkələrdə və virtual oyunlarda şiddətin, zorakılığın göstərilməsidir:

"Ümumiyyətlə, indiki dövrdə uşaqların telefonda və kompüterdə oynadıqları oyunlar onlarda gərginlik, stress və əsəb yaradır. Onlar, oyunda qalib gələ bilmədikləri üçün əsəbiləşirlər. Həmçinin, uşaqların şiddətə meyilli oyunlar oynaması da onların psixologiyasına mənfi təsir göstərir. 

Onu da nəzərə almaq lazımdır ki, cizgi filmləri və uşaq proqramlarında belə gərginlik, qışqırma, əsəb nümayiş olunur. Eyni zamanda, sosial şəbəkələrdə gördükləri hərəkətlər də uşaqlara pis təsir edir. Yəni sosial şəbəkələr, cizgi filmlər və oyunlarda təbliğ olunanlar onların gərgin yetişməsinə gətirib çıxarır".

Mütəxəssis qeyd edib ki, uşaqların gərgin olma səbəbinin digər yarısı isə valideynlərin günahıdır:

"Yəni uşaqların gərgin olmasında valideynlərin də günahı olur. Son illərdə əksər valideynlər övlarında həddindən artıq dərəcədə səhlənkar yanaşırlar. Ata-analar uşaqların əlinə telefon və ya planşet verərək onların başlarını qatırlar. Həmçinin, valideynlərin böyük əksəriyyəti övladlarına kifayət qədər vaxt ayıra bilmir. Nəticədə, övladlarını telefonla və internetlə saatlarla üzbəüz qoyurlar. 

Hərçənd ki, uşaqların əsəbi, stressli və şiddətə meyilli olmalarının əsas səbəblərindən biri təbliğ olunan oyunların onlara gərginlik öyrətməsindən qaynaqlanır. Hətta çox vaxt uşaqların telefonda nələrə baxdıqlarını belə nəzər yetirmirlər. Uşaqla maraqlanmadıqda isə onların hansı duyğular yaşadıqlarını bilmirlər". 

344411

Psixoloq valideynlərə tövsiyələr də verib:

"Bir çox hallarda valideynlər övladlarına nələrisə izah etməyə belə vaxt tapmırlar. Əgər övladımıza qaynar çayın onu yandıracağına öyrədə biliriksə, oynadığı oyunun və ya baxdığı filmində hansı fəsadlara səbəb olacağını başa sala bilərik. 

Hətta yeri gəlsə, övladımızı qorumaq üçün onlardan məhrum buraxa və ya alternativ variantlar tapa bilərik. Amma övladımıza nəzarət etdiyimiz vaxtda qısamüddətli şəkildə oyun oynamasına şərait yaratmaq ola bilər. Ən yaxşı seçim isə onlara idman, rəqs və ya digər fəaliyyətlə məşğul olmağa yönləndirmək olar. 

Bunların heç birini edə bilməsəniz, mütləq şəkildə övladlarınızın nəyə baxdığını öyrənməlisiniz. Onlara hansı fəsadlarla üz-üzə olduqlarını başa salaraq bunun qarşısını ala bilərsiniz".

Pərviz

0