Yataq otağındakı hava təmizləyicisi qanda şəkərin səviyyəsini sabitləşdirə bilər

DÜNYA
20:01 / 14.11.2026
41

Yataq otağında hava təmizləyicisindən istifadə qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Yeni araşdırma göstərib ki, təmiz hava xüsusilə prediabetdən əziyyət çəkən insanlarda gecə saatlarında şəkərin kəskin dəyişmələrini azalda bilər.

HİT.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.

Amerika Ürək Assosiasiyasının konfransında təqdim olunan tədqiqatda 150 prediabetli şəxs iştirak edib. Onlar iki qrupa bölünüb. Birinci qrupa keyfiyyətli filtrə malik portativ hava təmizləyiciləri verilib, digər qrup isə həqiqi cihazı təqlid edən qurğulardan istifadə edib. Təcrübə beş həftə davam edib.

Nəticələr göstərib ki, həqiqi hava təmizləyicisindən istifadə edən iştirakçıların qan şəkəri göstəricilərində müsbət dəyişikliklər baş verib. Belə ki, gün ərzində şəkərin səviyyəsindəki dalğalanmalar 8 faiz azalıb. Səhər yeməyindən sonra gözlənilən şəkər artımı isə 13 faiz aşağı düşüb.

Alimlər bu nəticəni havanın çirklənməsi ilə orqanizmin maddələr mübadiləsi arasındakı əlaqə ilə izah edirlər. Avtomobillərin işlənmiş qazları, yanğınlar və sənaye müəssisələri havaya yayılan mikroskopik hissəciklərin əsas mənbələri hesab olunur.

Tədqiqatçılardan birinin ehtimalına görə, bu hissəciklər ağciyərlər vasitəsilə qan dövranına daxil olaraq damarların divarlarına zərər verə və insulinin təsir mexanizminə mane ola bilər. Nəticədə qanda şəkərin səviyyəsi yüksələ bilər. Bununla belə, prosesin dəqiq mexanizmi hələ tam müəyyən edilməyib.

Araşdırmanın müəllifləri əldə olunan nəticələrin qəti elmi qənaət üçün kifayət etmədiyini vurğulayıblar. Onların fikrincə, əlavə tədqiqatlara ehtiyac olsa da, yataq otağında havanın keyfiyyətinin yaxşılaşdırılması ilə qan şəkərinin tənzimlənməsi arasında əlaqə diqqətəlayiqdir.

Samir
 

0