Bir oğlan üstündə başlayan mübahisə qətllə bitdi – Dəhşətli mesajlar üzə çıxdı

DÜNYA
21:00 / 14.11.2026
36

İngiltərədə iki yeniyetmə qız arasında bir oğlana görə başlayan qısqanclıq mübahisəsi faciə ilə nəticələnib. 16 yaşlı qız bıçaqlanaraq öldürülüb. Cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxsin qurbanına göndərdiyi təhdid mesajları və hadisə anına dair görüntülər açıqlanıb.

HİT.az xəbər verir ki, hadisə İngiltərənin Lids şəhərində baş verib.

“The Guardian”ın məlumatına görə, 18 yaşlı Kayla Smit 16 yaşlı Chloe Watson Dransfield ilə eyni oğlan – 18 yaşlı Bleyk Doulinqə görə münaqişə yaşayıb. Məhkəmədə bildirilib ki, Doulinq hər iki qızla münasibətdə olub və bu, onların arasında qısqanclıq zəminində düşmənçiliyə səbəb olub.

Hadisədən əvvəl qızlar telefon vasitəsilə mübahisə edib, bir-birlərinə təhdidlər göndəriblər. Smitin dostuna yazdığı “Gəlir, onu bıçaqlayacağam” mesajı, Çloeyə isə “Qorxursan?” sualını ünvanlaması məhkəmədə diqqət çəkən sübutlar arasında olub.

Smitin səsli mesajlarında da qarşı tərəfi təhqir və təhdid etdiyi eşidilib. O, mübahisə zamanı Çloeyə bıçaqla hücum edəcəyini bildirib.

Görüşə bıçaqla gəldi

İstintaq materiallarına görə, mübahisədən sonra qızlar üz-üzə görüşərək dalaşmağa qərar veriblər. Bleyk Doulinq Çloeyin Smitin evinə getməsi üçün taksi təşkil edib.

Lakin hadisə adi dava ilə məhdudlaşmayıb. Təhlükəsizlik kameralarının görüntülərində Smitin evin həyətindəki əlavə tikilidən əlində bıçaqla çıxdığı görünür. Onun ardınca 20 yaşlı Arçi Raykroft da hadisə yerinə gəlib.

İnsident zamanı Çloey boyun və kürək nahiyəsindən beş bıçaq zərbəsi alıb. Ağır qan itirən yeniyetmə xəstəxanaya çatdırılsa da, səhər saat 06:40-da həyatını itirib.

Məhkəmədə məlum olub ki, hadisədən 37 dəqiqə sonra Smitin babası təcili tibbi yardım çağırıb. Bu müddətdə qonşulardan biri yaralı qıza ürək masajı etməyə çalışıb.

Digər iki nəfər də mühakimə olunur

Cinayət işi üzrə Bleyk Doulinq və Arçi Raykroft da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. İttihama görə, Doulinq Smitin Çloeyi bıçaqlamaq niyyətindən xəbərdar olduğu halda onun hadisə yerinə getməsinə şərait yaradıb. Raykroft isə Smiti izləyib və hücum zamanı ona dəstək verməkdə ittiham olunur.

Hər iki şəxs ittihamları qəbul etmir. Doulinq qızın ağır yaralanacağını bilmədiyini, Raykroft isə hadisə yerinə sadəcə maraq səbəbindən getdiyini və Smitin əlində bıçaq olduğunu görmədiyini bildirib.

Kayla Smit əvvəlcə adam öldürmə ittihamını qəbul etsə də, qətl ittihamını rədd edib. Lakin noyabrın 12-də məhkəmə prosesinin ikinci günü cinayəti törətdiyini etiraf edib.

Hakim bildirib ki, Smit üçün nəzərdə tutulan yeganə cəza ömürlük həbsdir. Onun həbsxanada keçirəcəyi minimum müddət isə digər təqsirləndirilən şəxslərin məhkəməsi başa çatdıqdan sonra müəyyənləşdiriləcək.

Samir
 

0