Müsəlman ölünü yandırmaq olar?

ÖLKƏ
20:32 / 23.02.2024
402

Bu gün sosial şəbəkələrdə Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın xalq artisti Leyla Şərifovanın cənazəsinin yandırılması ilə bağlı məlumat yayılıb.

Ailə üzvlərinin dediyinə görə, bu müğənninin öz arzusu olub.

Atası izmirli, anası isə azərbaycanlı olan Leyla Şərifova Bakıda müsəlman ailəsində doğulub. 

Bəs müsəlmanın nəşinin yandırılması dinimizə görə yolveriləndir?

HİT.az-ın sualını cavablandıran ilahiyyatçı Hacı Valeh Şükürov bildirib ki, islam aləmində ölünün dəfn edilməsi üçün xüsusi qaydalar var və bu artıq əsrlərdir müəyyənləşdirilib:

“İslam aləmində insan öldükdən sonra mütləq torpağa tapşırılmalıdır. Torpağa basdırılan şəxs isə mütləq sağ çiyini üstündə üzü qibləyə tərəf, yəni Məkkədə yerləşən Kəbəyə tərəf dəfn edilməlidir. Meyit kafir olsa belə, onu dəfn etmək vacibdir. Əbu Talib öləndə, Məhəmməd Peyğəmbər Əli ibn Əbu Talibə “Get onu basdır” – deyə əmr etmişdi.

Mərhum yəqin Amerikada yaşadığı üçün meyitinin yandırılmasını istəyib. Bəlkə də buna iqtisadi səbəblər olub. Amma dəfn edilib, nə zamansa nəşinin qalıqları ölkəmizə gətirilə bilərdi. “Əmanət qəbir” anlayışı deyə bir anlayış var. Bu quranda olmasa da islam aləmində qəbul edilib.

İslami dönəmdə dünyalarını dəyişmiş şəxslərin bəziləri Kərbəla və ya Nəcəfdə dəfn olunmalarını vəsiyyət etdiklərindən, yaxınları onları el arasında "əmanət qəbirlər" adını almış qəbirlərdə müvəqqəti olaraq, basdırardılar.

Dünya xalqlarının dəfnlə bağlı fərqli inancları var. Bəzilərində ölünü parçalayıb quşlara atır, bəzilərində yandırır, külünü səpir, bəzilərində ölünü ildə bir dəfə məzardan çıxarıb, sonra yenidən dəfn edirlər. Müsəlman aləmində ölünü yandırmaq ənənəsi yoxdur”

Murad

0