Günəşin partlama gücü ilə bağlı yeni kəşf: Alimlər nəhəng ləkəni araşdırdı

DÜNYA
20:17 / 24.09.2026
41

Alimlər 1947-ci ildə Günəşin səthində yaranmış nəhəng günəş ləkəsini yenidən araşdırıblar. Tədqiqatın nəticələri göstərib ki, bu ölçüdə maqnit strukturu Günəşdə adi güclü partlayışlardan 10-100 dəfə çox enerji buraxa biləcək super partlayış üçün kifayət qədər enerji toplaya bilər.

HİT.az xəbər verir ki, söhbət “super partlayış” adlandırılan son dərəcə güclü hadisələrdən gedir. Belə partlayışların Yerətrafı kosmik mühitə və texnoloji sistemlərə təsir göstərə biləcəyi bildirilir. Günəşdə indiyədək müşahidə olunan ən güclü hadisələrdən biri 1859-cu ildə baş verən Karrinqton hadisəsidir. Alimlər həmin partlayışın gücünü təxminən X45 səviyyəsində qiymətləndirirlər. Müqayisə üçün, Günəşin 25-ci aktivlik dövründə qeydə alınan ən güclü partlayış 3 oktyabr 2024-cü ildə baş verib və X9.0 gücündə olub.

Max Planck Günəş Sistemi Araşdırmaları İnstitutunun alimləri tərəfindən aparılan araşdırmaya əsasən, 1947-ci ildə müşahidə olunan günəş ləkəsi Karrinqton hadisəsindən sonra qeydə alınmış ən böyük ləkələrdən biri olub. Onun ölçüsü Yerin təxminən 40 qatı qədər olub və Günəş səthinin 0,6 faizini əhatə edib.

Tədqiqatçılar hesab edirlər ki, belə nəhəng maqnit strukturlarının mövcudluğu Günəşin nəzəri baxımdan super partlayış üçün lazım olan fiziki şəraiti yarada bildiyini göstərir. Bununla belə, həmin ləkənin özünün belə bir dağıdıcı partlayışa səbəb olmadığı vurğulanır.

Super partlayış zamanı ayrılan enerji adi güclü Günəş partlayışlarından dəfələrlə çox ola bilər. Araşdırmada bildirilir ki, belə hadisənin enerjisi dinozavrların məhvinə səbəb olan Çiksulub asteroidinin toqquşması zamanı ayrılan enerjidən 200 dəfədən çox ola bilər.

Daha zəif Günəş partlayışları belə Yer üzərində müəyyən problemlərə yol aça bilir. Onlar elektrik şəbəkələrində nasazlıqlar yarada, radio rabitəsini poza, ionosferdə dəyişikliklərə səbəb ola və güclü qütb işıqlarına gətirib çıxara bilər.

Alimlər hazırda Günəşə bənzəyən minlərlə ulduzu da müşahidə edirlər. Bu məlumatlar Günəş tipli ulduzlarda super partlayışların təxminən hər əsrdə bir baş verə biləcəyinə dair ehtimalı gücləndirir.

Tədqiqatçıların qarşısında duran əsas suallardan biri isə Günəşin keçmişdə belə nəhəng partlayış yaradıb-yaratmamasıdır. Keçmişdə baş vermiş mümkün hadisələrin müəyyənləşdirilməsi Günəşin gələcəkdə nə qədər güclü enerji boşalması yarada biləcəyini daha dəqiq anlamağa kömək edə bilər.

Samir

0