Ən çox istifadə edilən nəm salfetkanın zərərləri…

ÖLKƏ
22:16 / 28.02.2024
217

Çoxlarının gündəlik həyatda istifadə etdiyi gigiyenik vasitələrdən biri də nəm salfetkalardır desək, yəqin ki, yanılmarıq. Hətta bir çox xanımların çantalarında nəm salfetkalar ən zəruri əşyalardan biri hesab olunur.

Ancaq xarici həkimlər nəm salfetkadan istifadəni düzgün hesab etmir. Xüsusilə də, uşaqlar üçün bu vasitənin istifadəsi gigiyenik baxımdan düzgün sayılmır.

Dermatoloq Nigar Mustafayeva Hit.az-a deyib ki, üzdə dəri problemlərindən əziyyət çəkən gənc xanımların 90 faizi makiyajı nəm salfetka ilə təmizləyir: 

"Körpələrin dəri bişməcəsindən əziyyət çəkməsinin ilkin səbəbi də elə bu nəm salfetkalardır. Hətta valideynin bu salfetkalarla əllərini silib, körpəsinə toxunması belə körpə sağlamlığı üçün təhlükəlidir. İstər böyüklər, istərsə də uşaqlar üçün istehsal olunan nəm salfetkalar özündə olduqca çox kimyəvi maddə saxlayır. Kim desə ki, uşaq salfetkaları belə deyil, əmin olun, yalandır. Əvvəla sağlamlıq üçün nəzərdə tutulan əşyaların tərkibi kimyəvi maddələrlə zəngin olmamalıdır. Salfetkalar isə belə deyil. Nəm salfetkanı sıxdıqda yuyucu tozlu su damcıları çıxır. Eləcə də kasaya su doldurub nəm salfetkanı içərisində fırladın. Kasadakı su köpüklənəcək. Körpələrin geyimləri, yataq dəstləri dəfələlə durulanır ki, yuyucu maddə qalıb allergik reaksiya verməsin. Digər tərəfdən, ana tərkibi yuyucu maddə ilə dolu olan salfetkanı körpəsi üçün istifadə edir. Bu cür ziddiyyət körpəni qoruya-qoruya təhlükəyə atmaq deməkdir. Xanımları nəm salfetkalardan makiyaj təmizləmək üçün istifadə etməməlidir. Yanma, qaşınma kimi geniş yayılan problemin əsas kökü də məhz budur".

Sevinc

0