Pis xatirələri unuda bilərikmi? - Psixoloqdan maraqlı açıqlama

ÖLKƏ
17:14 / 29.02.2024
213

Hər bir insanın həyatında unutmaq istədiyi xatirələri olur. Xüsusilə yeniyetməlik və gənclik illərində istər sevgi, istər iş, istər dost münasibətlərində tez-tez pis hadisələrlə qarşılaşır, zərbə alırıq.

Bəs belə vəziyyətə düşdükdə nə etməliyik? Pis xatirələri necə unuda bilərik?

Psixoloq Aidə Əsədova Hit.az-a deyib ki, sosial həyatı zəif olan, özünü təsdiq edəcək imkanları az olan və həyatını tamamilə bir insana, bir əşyaya, bir işə bağlayan insanlarda tez-tez belə hallara rast gəlirik. Amma onun əksini etsək, heç bir problem olmayan hallarda belə, güclü olmağa çalışsaq, qalib gələcəyik:

"Problemlər bizi gücləndirir. Hər birimizdə sosial, təbii psixoloji, intellektual enerji var. Bunların hamısını bir kənara qoyub yalnız bir işlə məşğul olsaq, bir ideya arxasınca getsək, o zaman bizim dözümlülüyümüz çox aşağı olacaq. Sakit vəziyyətdə dözümlülüyümüzü qaldırmalıyıq. Bu, təkcə unutmağa kömək etmir, həm də insanın güclü şəxsiyyət kimi formalaşmasına təkan verir. Tutaq ki, insan pis vəziyyətdədir və çıxış yolunu tapa bilmir. Psixologiyada bir psixoterapiya növü var ki, insan öz təfəkkürü, dərk etməsi, analizi ilə hərəkətlənməlidir. Əgər həqiqi mənada ətrafımızda olan narahatlıqlardan uzaqlaşmırıqsa, passiv formaya keçirik və məntiq, təfəkkür tamamilə emosiyanın ixtiyarına verilir. Bir müddət emosiyadan uzaq dura bilsək, artıq məntiq və təfəkkür işləməyə başlayır. Biz bütün günü kimisə unutmadığımızı beynimizə yeritsək, şəkillərinə baxsaq, xatırlamağa çalışsaq, bunlar dəhşətli fəsadlar verəcək".

Sevinc

0