"Müxtəlif illərdə yay fəslinin bir ayı sərin, bir ayı isti keçə bilər".
Bu sözləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, tamamilə normal haldır:
"Yəni onillik ərzində iyul ayında 1-2 dəfə havalar sərin ola bilər. Məsələn, 2 il əvvəl Azərbaycanda iyul ayı çox sərin keçdi. Hətta dəniz sezonu belə olmadı. O dönəm qış quraqlıq olmasına baxmayaraq, yay da sərin keçdi. Amma belə hallar normaldır".
Həmsöhbətimiz qeyd edib ki, bəzi illərdə sentyabr-oktyabr aylarında da havanın temperaturu normadan yüksək olur:
"Məsələn, 2010-cu ilin payız fəslində havalar çox isti oldu. Noyabr ayında havanın temperaturunun necə yüksək olduğu yaxşı yadımdadır. Həmçinin, 1989-cu ildə də avqust və sentyabr ayında havalar çox isti idi. Nəzərə almaq lazımdır ki, əvvəlki dönəmlərdə hər evdə kondisioner yox idi, amma insanlar o istilərə dözürdülər. İndi isə hər evdə kondisioner və ya digər sərinləşdirici avadanlıqlar olmasına baxmayaraq, havanın temperaturunun yüksək olmasını dramatikləşdiririk".
Qorxmaz İbrahimli bildirib ki, cari ilin sentyabr-oktyabr aylarında da havanın isti keçməsi gözlənilir:
"Hesab edirəm ki, sentyabr ayı da havanın temperaturu isti olacaq. Hətta oktyabr ayında da istilərə müəyyən qədər hazır olmaq olar. Yəni Bakı və Abşeronun xarakterik halı budur. Bakı və Abşeron səhra ərazisidir. Bu ərazinin isti olması da kifayət qədər normaldır. Amma regionlarımızda, dağlıq və dağətəyi ərazilərdə sərin və yağmurlu hava olacaq".
Pərviz