“Azərbaycan bu gün rəqəmsal inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur”.
Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən qərarlar və 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planı bir daha rəqəmsallaşmanın artıq yalnız elektron xidmətlərin genişləndirilməsi, həm də dövlətin gələcəyini müəyyən edən əsas strateji istiqamətlərdən biri olduğunu nümayiş etdirir:
“Müasir dünyada iqtisadi güc, milli təhlükəsizlik və beynəlxalq rəqabət qabiliyyəti rəqəmsal texnologiyaların səviyyəsi ilə ölçülür. Azərbaycan da bu qlobal çağırışlara uyğun olaraq süni intellekt, rəqəmsal idarəetmə, kibertəhlükəsizlik, innovasiya və məlumat iqtisadiyyatını inkişaf modelinin ayrılmaz hissəsinə çevirir”.
Millət vəkili vurğulayıb ki, bu prosesdə Rəqəmsal İnkişaf Şurasının yaradılması xüsusi əhəmiyyət daşıyır:
“Şuraya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etməsi isə həyata keçiriləcək islahatların yüksək səviyyədə koordinasiya olunacağına və qarşıya qoyulan hədəflərin daha səmərəli şəkildə reallaşdırılacağına inam yaradır.
Mehriban xanım Əliyeva illərdir sosial, humanitar, təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirdiyi uğurlu layihələrlə, müasir idarəetmə yanaşması və strateji baxışı ilə cəmiyyətin etimadını qazanmış dövlət xadimidir. Onun rəhbərliyi rəqəmsal transformasiya prosesinə yeni dinamizm gətirəcək, dövlət qurumları arasında koordinasiyanı gücləndirəcək və rəqəmsal islahatların vətəndaşların gündəlik həyatında daha sürətli hiss olunmasına şərait yaradacaq”.
Elnarə Akimova qeyd edib ki, artıq Şuranın ilk iclasında 2026-2028-ci illər üçün Fəaliyyət Planının icrası, süni intellekt texnologiyalarının tətbiqi, elektron dövlət xidmətlərinin genişləndirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi, vahid rəqəmsal platformaların yaradılması, innovasiya ekosisteminin inkişafı və dövlət idarəçiliyində çevik, şəffaf mexanizmlərin tətbiqi əsas prioritetlər kimi müəyyənləşdirilib:
“Bütün bunlar göstərir ki, Azərbaycan yalnız bugünün deyil, gələcəyin dövlətini qurur. Bu, texnologiyaların insan rifahına xidmət etdiyi, innovasiyanın iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrildiyi, gənclərin bilik və bacarıqlarının ölkənin inkişafına yönəldildiyi yeni inkişaf mərhələsidir.
Prezident İlham Əliyevin siyasi iradəsi və Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bu strateji xətt Azərbaycanın rəqəmsal gələcəyini daha güclü, təhlükəsiz və rəqabətə davamlı edəcək”.
Elmir Mustafa


