Tez-tez mətbuatda “şəhərlərin qardaşlaşması” ilə bağlı xəbərlərə rast gəlirik. Çoxu “qardaş şəhər” anlayışını fərqli anlamda başa düşür. Əslində isə qardaş şəhər müxtəlif ölkələrin şəhərləri arasında dostluq və əməkdaşlığı nəzərdə tutan rəsmi münasibətdir. Belə sazişlər adətən mədəniyyət, təhsil, turizm, iqtisadiyyat, şəhərlərin idarəçiliyi, ekologiya sahələrində təcrübə məqsədilə imzalanır. Məqsəd şəhərlər arasında yalnız simvolik dostluq yaratmaq deyil, həm də ortaq layihələrin həyata keçirilməsi,tələbə, mədəniyyət mübadiləsi, biznes əlaqələrinin genişləndirilməsidir.
Bəs Azərbaycanın hansı şəhərləri bu cür beynəlxalq əlaqələr qurub?
Bizim.Media Azərbaycan şəhərlərinin qardaşlaşdığı şəhərlərin siyahısını təqdim edir.
Azərbaycanda qardaş şəhər əlaqələri ən geniş şəkildə Bakı tərəfindən qurulub. Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, paytaxt 1978-ci ildən Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasının üzvüdür.
Hazırda Bakının Dakar, Neapol, Sarayevo, Hyuston, Bordo, Bəsrə, Vunqtau-Kondao, İzmir, Təbriz, Astana, Tbilisi, Kiyev, Düşənbə, Bişkek, Aşqabad, Minsk, İslamabad, Əbu-Dabi və Əddis-Əbəbə ilə qardaş şəhər münasibətləri mövcuddur.
Bundan başqa, Berlin, Paris, Vyana, İstanbul, Tehran, Daşkənd və digər şəhərlərlə tərəfdaşlıq əlaqələri də saxlanılır.
Bakı ilə yanaşı, Azərbaycanın digər şəhərləri də müxtəlif ölkələrin şəhərləri ilə əməkdaşlıq edir.
Məsələn, Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Lənkəran və digər şəhərlərin Türkiyə, Almaniya, Belarus, Ukrayna, Gürcüstan və başqa ölkələrin şəhərləri ilə qardaşlaşma sazişləri mövcuddur.
Bu əməkdaşlıqlar əsasən mədəni tədbirlər, iqtisadi forumlar, turizm layihələri və yerli idarəetmə sahəsində təcrübə mübadiləsini əhatə edir.
Son illərdə bu istiqamətdə yeni addımlar da atılır. 2024-cü ilin mayında Azərbaycan və Belarus prezidentlərinin görüşündən sonra Bakı ilə Minsk, Gəncə ilə Qomel, Qəbələ ilə isə Qrodno arasında qardaşlaşma memorandumları imzalanıb.
Memorandumlarda iqtisadiyyat, şəhərsalma, nəqliyyat, elm, təhsil, mədəniyyət, səhiyyə, turizm və ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Bu ilin mayında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
Sənədi Şuşada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar. Bununla da Şuşanın qardaş şəhərlərinin sayı 10-a çatıb.



