Azərbaycanın yanında Türkiyə kimi qardaş ölkə var - İlham Əliyev

14:18 / 06.10.2020
1216

"Bu dəstəyə görə Azərbaycan xalqı qardaş Türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır".

HİT.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə deyib. Bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil.

"Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir".

0