Döyüş meydanında qalan 30 cəsəd Ermənistana verildi - Hikmət Hacıyev

SİYASƏT
14:08 / 29.10.2020
974

“İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikası tərəfindən humanitar addım atılıb. Bu da Azərbaycanda olan, döyüş meydanında qalmış 30-a yaxın erməni əsgər və zabitin meyitinin Ermənistan tərəfinə verilməsidir”.

HİT.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tərtər rayonuna diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan 2 nəfər yaşlı erməninin də qarşı tərəfə verilməsi istiqamətində dövlətimizin başçısı tərəfindən təşəbbüs irəli sürülüb: “Belə tapşırıqlar verilmişdi. Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Biz bu xüsusda Rusiya Federasiyasının Müdafiə Nazirliyinin və şəxsən Rusiya Federasiya Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiya Federasiyasının bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və nəticə etibarı ilə də öz vətəndaşlarının, əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq vermişdir. İndilərdə bu əməliyyat başa çatdı.

Biz Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun bu prosesdə dəstəyini yüksək qiymətləndirməklə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi, ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycan Respublikasının humanitar dəyərlərə, beynəlxalq humanitar hüquqa, Cenevrə konvensiyasına sadiqliyini nümayiş etdirir. İki ölkə arasında yaradılmış humanitar koridor vasitəsilə bu əməliyyat həyata keçirilib”.

0