Gənc yazar Emin Eyyuboğlu: \"Anamı gözlərimin qabağında öldürdülər\" - VİDEO

14:31 / 07.03.2022
1987

Gənc yazar Emin Eyyuboğlunun faciələrlə dolu həyat yolu və lap bu bahar günləri kimi yeni-yeni pöhrələnən yaradıcılığı ilə tanış etmək istəyirəm sizləri. Təsadüfi tanışlığımız gələcəkdə ona böyük ümidlər bəsləməyimə əsas verir. 

…Emin Eyyuboğlu 1999-cu ildə Bakı şəhərinin Maştağa qəsəbəsində doğulub. Körpə yaşlarında atasını, 6 yaşında isə anasını itirib. İkisi də faciəli şəkildə. Neftçi atası dənizdə boğulub, anasını isə Eminin gözləri önündə qətlə yetiriblər. Ömrünün ilk illərini belə faciəli - dramatik yaşayan Eminin sonrakı taleyi əvvəlcə paytaxtın Sabunçu qəsəbəsində, sonradan “Kubinka” deyilən ərazisində məskunlaşan xalasının himayəsinə və paralel olaraq Maştağadakı internat məktəbinə bağlanıb. İnternatda 9-cu sinfi bitirdikdən sonra isə 18 saylı Bakı peşə liseyində “reklam işinin təşkili” üzrə təhsilini davam etdirib.

Emin deyir peşə liseyində təhsil zaman onun kitab oxumağa marağı çox artıb: Birdən-birə hiss edir ki, onun qiraət tələbatını ödəmək təkcə Azərbaycan ədəbiyyatı ilə məhdudlaşmır, o, daha irəliyə can ataraq dünya səviyyəli klassikanı oxumağa başlayır. Qəribədir ki, bütün bunları ondan tələb edən və ya tövsiyyə edən bir kimsəsi olmayıb. Yalnız daxili istəyi Emini ədəbiyyatla, həmçinin tarixlə maraqlanmağa sövq edib. O, Viktor Hüqonu, Fyodr Dostoyevskini və digərlərinin əsərlərini dönə-dönə mütaliə edir.

…və beləliklə Eminin özündə ədəbi yaradıcılığa meyl güclənir. Emin daxilində yaradıcılıq potensialını hiss etdikcə hekayələr yazmaqla qələmini sınayır. Dediyinə görə, hekayələri yazdığı zamanlarda bütün düşüncəsi ilə yalnız qarşısındakı yazının məntiqinə, üslubuna, məzmun və formasına diqqət kəsildiyindən əksərən durğu işarələrini belə yerinə qoymağı unudaraq ancaq irəliyə – təfərrüata doğru can atır. Yəqin ona görə tamamilə kökləndiyi mövzunu sona çatdıra bilməyəcəyindən, nəyisə unudacağından, “ipləri qıracağından” eytiyatlanaraq dayanmadan əlindəki işi sona çatdırmaq istəyir. Amma ürəyinin hökmü ilə yazılarını sonucuna yetirir.

Emin bu minvalla artıq “Səndən sonra”, “Gözəl gözlüm”, “Tilsimlənmiş Şahzadə”, “Ana sevgisi” və s. adlı otuz dörd hekayənin, “İki aşiq” adlı tarixi mövzuda bir romanın müəllifidir. Romanda Roma imperiyası və imperiyanın qurucusu Yuli Sezarın şəxsi keyfiyyətlərindən bəhs edilir. Eminin “İki aşiq” adlı ilk kitabı da elə bir neçə hekayəsi və hələlik yeganə romanından ibarətdir. Bötövlükdə əsərlərinin mövzusunu əsasən tarixi və romantik mövzular təşkil edir. “İki aşiq”də müəllifin təxəyyülündə yaranan başqa bir kral obrazı da var. Emin bu kralın bütün səltənətinin fonunda sonda öz ailəsini seçdiyini ön plana gətirməklə ailə dəyərlərinin hər şeydən yüksəkdə olduğu qənaətini oxucularla bölüşür.

0