Kruq ədəbiyyatını pisləyən istedadsızlar

MƏDƏNİYYƏT
15:35 / 05.05.2022
1948

Orxan Saffari

"Kruq ədəbiyyatı" kimi banal söhbəti dünya artıq çoxdan geridə qoyub. Bu mənada ki, heç kim heç kimi kruq ədəbiyyatının nümayəndəsi olmaqda qınamır, söymür. Əksinə, ədəbiyyata yeni gələnlər də can atır ki, "kruq"lara girə bilsin. Çünki bu, bir yazıçı üçün birbaşa olaraq inkişaf deməkdir. Amma Azərbaycanda, gözəlim bizim müasir dövr Azərbaycan ədəbiyyatında hələ də qırğınlara, söyüşlərə məruz qalır. 

Birmənalı və istisnasız şəkildə deyirəm;
"Kruq ədıbiyyatı"nı pisləyən, "filankəslər bir kruqdu", "onlar ancaq özününküləri oxuyur, qabağa verir" deyən və s. bu qəbildən mənasız söz-söhbət salan kim varsa, istedadsız, bir köpüklük yazı yaza bilməyənlərdir. Əks halda, bu olanlar onları narahat etməzdi. Onlar həm də "kruq ədəbiyyatı"nı ona görə pisləyirlər ki, özləri o pislədikləri kruqlara girə bilmir, qəbul edilmir. Beləcə, elə bilirlər ki, bu cür "ədəbi tənhalıq" onların həddən çox istedadlı olması ilə əlaqədardır, yerdə qalan kim varsa da, bu istedada görə onu bəyənmir, qısqanır, paxıllıq edir. 

Yalansa mətnlərin bir yox, iki köpüklük olsun. 

Hətta onların içində elələri var ki, bir neçə yazıçı-şairi bir masa arxasında içki içən görəndə, əzizlərimiz içən çaydan içdiyini biləndə "vapşe" başı gedir. Az qala gedib həmin kafeyə desin ki, sənə aylıq pul ödəyəcəm, amma bunları qoyma bura. 

Əvvəla, iki və daha artıq bir-birinə yaxın, sözü-söhbəti tutan insanların bir yerdə oturmasından, yeyib-içməsindən normal, təbii heç nə ola bilməz, o ki qaldı həmin adamlar şair-yazıçı olsunlar. İndi yaza bilirlər deyə, bir-birinə dost adamlar bir araya gəlməməli, bir-birini təbliğ etməməlidir? 

Məsələn, Nadir Yalçın, Rəvan Cavid mənim dostlarımdır. Eyni zamanda da istedadlı qələm sahibləridir. İndi mən niyə onların müsahibələrdə adını çəkməməli, bir yerdə oturub-durmamalı, yazdıqlarını təbliğ etməməliyəm? Axı, eyni zamanda mətn də var ortada. Yoldaşlığımız var deyə, göz ardımı etməliyəm? Hə, burda dediyim kimi, problem odur ki, ey kruqu pisləyən, sənin mətnin də yoxdu deyə, gözardı olunursan. İndi o biz, kruqlar neyləsin? 

Digər bir məsələ, Azərbaycan ədəbiyyatında "kruq" olan ədiblər hansı işi pis görüblər ki? Bəlkə ortaya işlər qoymayıblar, kitablar yazılmayıb? Heç nədən ədəbiyyatı tanıdan layihələrdən tutmuş, daha nələr-nələr. Belə şeylər ədəbiyyatı daha çox qabağa aparmırmı? Ən azından ədəbi söz-söhbətlər düşür, intriqalar olur. Təşkilat formasında belə o vaxt AYO və AYB qarşıdurmasının nəyi pis idi, maraqsız idi? Özüm də daxil olmaqla bir neçə il əvvəl "Hər yer ədəbiyyat" adı altında bir ədəbi hərəkat yaratdıq. Qısa vaxt ərzində yüz minlərlə adamın ən azından xəbəri oldu. İstər sosial şəbəkələr, istər televiziyalar, hamısı bu hərəkatdan danışdı. Xarici ölkələrə qədər gedib çıxdı. Düzdü, müəyyən məsələlərə görə axıra qədərr gedə bilmədik, amma nəticə nə idi? Ədəbiyyatın xeyri. Elə o vaxt da bu hərəkata qəbul etmədiyimiz, mətnini təbliğ etmədiyimiz nə qədər bir, iki, hətta beş köpüklük yazı yazanlar var idi, başladılar sarsaxlamağa. Yenə eyni söhbətlər, eyni hərəkətlər. 

Onu da deyim ki, əvvəllər belə söhbətləri edənlər daha çox qadınlar idi ki, şəxsən mən öz adıma onları başa düşürdüm. Çünki Azərbaycanda ədəbiyyatla məşğul olan hər qadın Günel Mövlud kimi sərbəst ola bilmir. Bir araya ayda-ildə bir gələnlərdə oturub qeybət edirdi. Amma indi qadınlar daha rahat, sərbəst, kişilər də başlayıb xanım-xatunluğa. 

Belə yerdə dahi filosoflardan biri deyib ki, "kül sizin kişi başuza". 

Nə bilim. Uzandıqca uzanan, bitməyən bir mövzudur. İstedadsız adamlar var olduqca bu söhbətlərdə olacaq. Amma gərək ki, yavaş-yavaş səngisin. Hətta istedadsızlar da bir araya gələrək bir kruq yarada bilərlər. Ciddi deyirəm, bunun özü də bir istedaddır və həmin yerdə inkişaf da olacaq. Uğurlar.

1