Səhər yeməklərində nələrə üstünlük verməliyik? - Mütəxəssis AÇIQLADI

MARAQLI
15:40 / 22.09.2023
611

"Sağlam səhər yeməyi hər insanda fərqli saatlarda ola bilər".

Bunu sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sağlam insanlarda və xəstələrdə bu qida rejimi dəyişkənlik göstərə bilir:

"Sağlam insanlar yuxudan oyandıqdan 1 saat sonra səhər yeməyini qəbul edə bilərlər. Amma biz burada normal səhər yeməkləri saatlarını nəzərdə tuturuq. Bəzi insanlar var ki, həddindən artıq çox yatırlar və hətta saat 11:00-dən sonra oyanırlar. Belə olan halda, onun yediyi qida sağlam səhər yeməyi sayıla bilməz. 

Əksər insanların iş rejimi saat 09:00-da başladığı üçün 7-8 radələrində yemək qəbul edirlər. Ümumiyyətlə, yuxudan oyanan kimi dərhal qida qəbul etməməyə diqqət etmək lazımdır. Oyandıqdan yarım saat və ya 1 saat sonra qida qəbulu normal hesab olunur. Əlbəttə ki, belə olduğu təqdirdə qəbul olunan qida yaxşı həzm olunur. Ona görə də yaxşı olardı ki, asan həzm olunan qidalar qəbul etsinlər".

334270

Mütəxəssis səhər yeməklərində nələrə diqqət etmək lazım olduğundan da bəhs edib:

"Səhər-səhər unlu məmulatları və ya şirin qidalar qəbul etmək, sudan öncə çay içmək və ya onları yemək orqanizmdə artıq çəkiyə səbəb olur. Həmçinin, həzm prosesində problemlərin yaranmasına gətirib çıxarır. Normal iş rejimi və qidalanma rejimi bir-birinə mane olmursa, ən çox mədə şirəsi ifraz olunan vaxt olan 09:30-da səhər yeməyini qəbul etmək tövsiyə olunur. Belə olan halda, artıq kalorili qidalar belə çox asanlıqla həzm oluna bilir. Demək olar ki, artıq çəki almağımıza da gətirib çıxarmır. Sadəcə onun tərkibindəki makro və mikroelementlərin faydasından yararlanmaq mümkün olur".

Məhsəti Hüseynova səhər yeməyində hansı qidaları qəbul etməyin faydalı olduğunu da diqqətə çatdırıb:

"Səhər yeməklərində yumurta, heyvan mənşəli qidalar, süd məhsulları, pendir, kəsmik və xama kimi qidalardan istifadə etmək məsləhətdir. Buğdadan hazırlanan çörək, digər xəmir məmulatları və şirniyyatları isə 200 qramı keçməmək şərti ilə qəbul etməklə gündəlik çörəyə olan ehtiyacı ödəyə bilərsiniz. Bu, səhər saatında saydığımız qidalarla birlikdə qəbul edilirsə, o da asanlıqla həzm olunur. Əgər qəhvəyi rəngdə olan və ya çovdar unundan hazırlanan çörəkdirsə, ondan iki dilim yemək olar. 

Səhər saatlarında qəbul olunan pendirlərin duzsuz və ya az duzlu olmasına diqqət etmək lazımdır. Bəzən səhər saatlarında təzə meyvə suyundan da istifadə edirlər. Bu da çox faydalıdır. Lakin ac qarına sitrus meyvələrin suyunun içilməsi məsləhət görülmür. Çünki mədə turşuluğunun artmasına gətirib çıxarır".

Ekspert vurğulayıb ki, nahar yeməyi ilə günorta yeməyi arasındakı vaxtın az olması məsləhət görülmür:
"Çünki bu zaman səhər yeməyinin həzmi çətinləşə bilər. Ümumiyyətlə, bir əsas yemək qəbulundan digərinə keçənə qədər ən azından 3-4 saat keçməsi normal hesab olunur. Əgər bu, səhər yeməyidirsə, 4-5 saatın keçməsini gözləmək lazımdır. 

Onu da əlavə edim ki, səhər yeməklərində meyvə-tərəvəz və çərəzlərdən də istifadə etmək faydalı hesab olunur. Bunları qəbul edə bilmirlərsə, onu ara yeməkdə də qəbul edə bilərlər. Bu şəkildə günə başlanılan səhər yeməyi gün ərzində enerjili olmağınıza və mərkəzi beyin sisteminin yaxşı çalışmasına kömək edəcək".

Pərviz

0