Azərbaycansayağı işlər...

MARAQLI
21:14 / 20.08.2024
735

Bizim dünyanın heç bir yerində olmayan qəribə yanaşma formalarımız var. 

Hər krizisdən çıxmaq üçün yaxşı baş işlətməyimiz, şeytana papuc tikməyimiz, özümüzə lazım olanda hər şeyə fərqli don geyindirib , ayrı ad qoymağımız.

Məsələn, bu saat əxlaqsız qadınlarımız VOEN açıb, psixoloq olurlar.

“Ərin səni emosional təmin etmirsə, boşan, səni incidiblərsə, mən sənə yağlı, yandırıcı söyüşlə cavab verməyi öyrədəcəm. Birinci sənsən,  duyğularını içində boğma, cavabını ver” şəklində elanlarla müştəri cəlb edirlər.

Bunları özümdən yazmıram, uydurmuram.

Sosial şəbəkələrdə gördüyüm elanlara əsasən deyirəm. 

Ailə koçları dediyimiz  insanları qoç döyüşünə hazırlayır sanki. Dava, aqressiya, susma, vur və s.

Azərbaycansayağı marketinq də belədir. Adı sənin adından böyük olan bir brendi alırsan və bağlayırsan. Olursan bazarda birinci. Yəni , bu bizdə ənənəvi haldır. 

Hadisə baş verir, qurumun mətbuat xidməti susur. El-aləm yanır, onlar isə “heç nə olmayıb" deyirlər.

Xəbər sosial şəbəkələrdə çıxıb, hamıya yayılandan sonra bir iki kəlmə deyib, işlərini bitmiş hesab edirlər.

Düşünsəniz, belə halları o qədər tapacaqsınız ki...

Hərdən mənə elə gəlir ki, “cəmiyyəti kim daha çox ələ salacaq?” yarışının oyunçuları, çox zaman da məğlublarıyıq...

Murad

0