Qubalı milyarderlərə məxsus obyektdə 1500 koronaviruslu xəstə MÜALİCƏ ALACAQ

09:40 / 13.05.2020
1823

Rusiyalı milyarderlər, əslən Azərbaycanın Quba rayonunu Qırmızı qəsəbəsində anadan olan Qod Nisanov və Zarah İliyev koronavirus pandemiyası ilə mübarizə üçün bağlı qalmış ticarət mərkəzlərindən istifadə edir.

İş adamlarına məxsus “Moskva” avtomobil mərkəzi 1500 çarpayılıq hospitala çevriləcək.

Moskvanın Kaşir şossesində yerləşən avtomərkəz Moskva meriyası ilə imzalanmış müqavilə əsasında koronaviruslu xəstələrin müalicəsi üçün istifadə olunacaq.

“Biz avtomərkəzin hospitala çevrilməsini öz maliyyəmiz hesabına “Kievskaya ploşad” şirkətinin işçiləri və podratçıları ilə həyata keçiririk. Şəhər meriyası isə koronaviruslu xəstələrin müalicəsi üçün lazım olan tibbi avadanlıqları təqdim edir”-deyə Qod Nisanov və Zarah İliyevə məxsus “Kievskaya Ploşad” holdinqinin mətbuat xidməti məlumat verib.

Həmçinin, milyarderlər “Moskva” avtomərkəzindən istifadəyə görə meriyadan icarə haqqı almayacaqlarını da əlavə ediblər. Qod Nisanov və Zarah İliyevin bütün ticarət obyektləri Moskvada ən böyük kənd təsərrüfatı bazası rolunu oynayan “Fudsiti” istisna olmaqla bağlıdır.

Xatırlaaq ki, Qod Nisanov Azərbaycanın Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat yardım ayırmışdı. Bundan əlavə, iş adamının təşəbbüsü ilə Bakıya 10 təcili tibbi yardım maşını göndərilmişdi. Xüsusi təyyarə ilə Bakıya çatdırılan maşınlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” – TƏBİB-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birliyin istifadəsinə verilib.

0
Modern.az