"Rotavirus bağırsaq infeksiyası törədir".
Bu sözləri infeksionist Mərdan Əliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, son günlərdə ölkəmizdə yayılan rotavirusa daha çox uşaqlar yoluxurlar:
"Bu virus xüsusilə uşaqlar arasında daha çox yayılır. Təmas və kontakt yolu ilə yoluxurlar. Uşaqların əl gigiyenası zəif olduğu üçün bu virusa daha çox yoluxurlar. Bağçalarda, məktəbəqədər hazırlıqlarda və məktəblərdəki aşağı siniflərdə rotavirusa yoluxma ehtimalı daha çox olur. Üstəlik, uşaqlar bu xəstəliyi daha ağır keçirirlər".
Ekspert qeyd edib ki, bəzən su və qida vasitəsilə də rotavirusa yoluxma halları müşahidə olunur:
"Bağçalarda və ya müəyyən idarələrdə çirkli suyun içilməsi nəticəsində yoluxma halları baş verir".
Həkim sözügedən virusun simptomlarından da bəhs edib:
"Rotavirus əsasən ürəkbulanma, qusma, ishal və qızdırma kimi simptomlarla özünü biruzə verir. Bir az yuxarı yaşda olan uşaqlar və yetkin şəxslər bu virusa yoluxduqda isə adətən qızdırmaları olmur. Xəstəlik onlarda daha yüngül formada olur və təhlükə törətmir. Buna baxmayaraq, xəstəlik onlarda da ishal və ürəkbulanma ilə müşahidə olunur".
Pərviz