Arıqlama üçün bi nömrəli zülal: Ət və yumurtadan daha üstündür

SAĞLAMLIQ
18:00 / 12.05.2026
50

Arıqlama prosesində kifayət qədər zülal qəbulu mühüm rol oynayır. Bir çox insan bu məqsədlə bahalı protein tozlarına üstünlük versə də, gündəlik qidalarda olan sadə məhsullar da eyni dərəcədə effektiv ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə magistr dərəcəli diyetoloq Debora Merfi “EatingWell” nəşrində yazır.

Onun sözlərinə görə, toyuq əti, balıq, yumurta və süd məhsulları kimi tanış zülal mənbələri kifayət qədər effektivdir. Lakin onlardan daha sadə, ucuz və faydalı bir məhsul da var — lobya (kvasolya).

Diyetoloq bildirir ki, lobya yalnız büdcəyə uyğun və çoxşaxəli qida deyil, həm də lif, kalium, folat və maqnezium kimi mikroelementlərlə zəngindir. Üstəlik, onun tərkibində doymuş yağ azdır və xolesterin yoxdur.

Merfinin sözlərinə görə, lobya ət və süd məhsullarından fərqli olaraq zülal və lifin ideal kombinasiyasını təqdim edir. Bu isə toxluq hissini artırır və çəkiyə nəzarəti asanlaşdırır.

2023-cü ildə “Nutrients” jurnalında dərc olunan araşdırmaya əsasən, müntəzəm olaraq paxlalı bitkilər qəbul edən insanlar 10 il ərzində daha az çəki artımı göstəriblər.

Mütəxəssis qeyd edir ki, zülal və lifin birləşməsi insanı daha uzun müddət tox saxlayır və tez-tez qəlyanaltı etmə ehtiyacını azaldır.

ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, bir stəkan lobya təxminən 15 qram zülal və 15 qram lif ehtiva edir.

Lobya ürək sağlamlığı üçün də faydalıdır

Ət, yumurta və süd məhsullarından fərqli olaraq, lobya xolesterin ehtiva etmir və doymuş yağ miqdarı çox aşağıdır. 2021-ci ildə “The Journal of Nutrition” jurnalında dərc edilən araşdırmaya görə, gündə bir stəkan konservləşdirilmiş lobya qəbul edən iştirakçılarda xolesterin və LDL göstəricilərində yaxşılaşma müşahidə olunub.

Lobya həmçinin qan təzyiqinin tənzimlənməsi üçün vacib olan kaliumla zəngindir.

Arıqlama zamanı zülal niyə vacibdir?

Diyetoloq iki əsas səbəb göstərir:

Birincisi, zülal aclıq hissini azaldır. O, iştahanı stimullaşdıran hormonları azaldır, toxluq yaradan hormonları isə artırır. Bu isə ümumi qida qəbulunu azaldaraq arıqlamaya kömək edir.

İkincisi, zülal əzələ kütləsinin qorunmasına kömək edir. Arıqlama zamanı təkcə yağ deyil, əzələ də itirilə bilər. Yüksək zülal qəbulu bu itkini minimuma endirir. Əzələ kütləsinin çox olması isə istirahət halında belə daha çox enerji sərfiyyatı deməkdir.

2020-ci ildə “Advances in Nutrition” jurnalında yayımlanan araşdırmaya görə, əzələ kütləsini qorumaq üçün gündə hər kiloqram bədən çəkisinə 1,3 qram zülal qəbul etmək tövsiyə olunur.

Samir
 

0