Diyetoloqlar qan şəkərinin sabit saxlanmasına kömək edən axşam yeməyi üçün ən uyğun qidaları müəyyən ediblər. Mütəxəssislərin sözlərinə görə, saat 17:00-dan sonra düzgün qida seçimi qlükozanın kəskin qalxmasının, gecə aclığının və metabolik problemlərin qarşısını alır.
HİT.az xəbər verir ki, bu barədə “Eatingwell” yazır.
Axşam rasionu lif, protein və sağlam yağlarla zəngin olmalıdır. Bu kombinasiyalar karbohidratların sorulmasını yavaşladır və qan şəkərinin stabil qalmasına kömək edir.
Siyahıda birinci yeri nişastasız tərəvəzlər tutur – yarpaqlı göyərtilər, qulançar, brokoli və digər aşağı karbohidratlı tərəvəzlər. Dietoloqlar axşam boşqabının ən az yarısının bu məhsullarla doldurulmasını tövsiyə edirlər. Yüksək lif tərkibi sayəsində onlar toxluq hissini uzadır və şəkərin kəskin yüksəlməsinin qarşısını alır.
Mütəxəssislər həmçinin yağlı balıqları – qızılbalıq, forel və ya ton balığını axşam menyusuna daxil etməyi məsləhət görürlər. Bu məhsullar protein və omeqa-3 yağ turşuları ilə zəngindir, insulin həssaslığını yaxşılaşdırmağa və ürək sağlamlığını dəstəkləməyə kömək edir.
Bundan başqa, avokado da faydalı məhsullar sırasında qeyd olunub. O, lif, antioksidantlar və sağlam yağlarla zəngindir, bu da qidanın daha yavaş həzm olunmasına və qlükozanın daha stabil şəkildə qana keçməsinə kömək edir. Araşdırmalar avokadonun müntəzəm istifadəsinin qan şəkəri nəzarətini yaxşılaşdırdığını göstərir.
Siyahıya qoz-fındıq da daxildir. Diyetoloqlar bildirirlər ki, protein, lif və sağlam yağların birləşməsi onları ideal axşam və ya yatmazdan əvvəl qəlyanaltı edir. Bundan əlavə, bir çox qoz növü maqneziumla zəngindir və bu mineral qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır.
Siyahını ilk soyuq sıxım zeytun yağı tamamlayır. Mütəxəssislər onun antioksidantlar və sağlam yağlarla zəngin olduğunu, karbohidratların həzmini yavaşlatdığını və insulin həssaslığını dəstəklədiyini qeyd edirlər.
Diyetoloqlar həmçinin axşam saatlarında karbohidratlardan tam imtina etməməyi, əksinə tam taxıllı məhsulları seçməyi və porsiyaya nəzarət etməyi tövsiyə edirlər. Bundan əlavə, yeməkdən sonra qısa gəzinti belə qan şəkərinə müsbət təsir göstərir – cəmi 10 dəqiqəlik piyada gəzinti göstəriciləri yaxşılaşdıra bilər.
Samir


