Həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq və bağırsaq mikroflorasını dəstəkləmək üçün bəzi içkilərin gündəlik qidalanmaya əlavə edilməsi faydalı ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “Very Well Health” yazıb.
Mütəxəssislərin fikrincə, müəyyən meyvə şirələri və fermentləşdirilmiş içkilər bağırsaqlardakı faydalı bakteriyaların fəaliyyətinə müsbət təsir göstərə bilər. Bunun üçün gün ərzində bir neçə fərqli içki qəbul etmək vacib deyil. Qidalanmaya uyğun olaraq bir və ya ikisini seçmək kifayət edə bilər.
Dietoloq Sara Alsinqin sözlərinə görə, zoğal şirəsinin tərkibindəki polifenollar bağırsaq bakteriyalarının fəaliyyətinə təsir göstərir. Araşdırmalar zoğal ekstraktının faydalı bakteriyaların artmasına kömək edə biləcəyini göstərir. Bu bakteriyaların istehsal etdiyi butirat isə yoğun bağırsağın hüceyrələrini qidalandırır və bağırsaq baryerinin qorunmasında iştirak edir.
Portağal şirəsi də həzm sistemi üçün faydalı hesab olunur. Onun tərkibindəki hesperidin və narirutin kimi flavonoidlər bağırsaq mikrobiomunun sağlamlığını dəstəkləyə bilər. Kiçik araşdırmalar bu içkinin prebiyotiklərə bənzər təsir göstərə biləcəyini ortaya qoyub.
Qastroenteroloq Saurabh Seti isə qaragilə şirəsi və kivi smuzisini tövsiyə edilən içkilər sırasında göstərib. Qaragilənin tərkibindəki antosianinlər bağırsaq mikroflorasına müsbət təsir edə bilər. Kivi isə C vitamini və liflə zəngindir. Xüsusilə meyvənin bütöv və ya püre şəklində istehlakı bağırsaqların müntəzəm fəaliyyətinə kömək edir.
Maraqlı məqamlardan biri də isti kakaonun bu siyahıda yer almasıdır. Kakao tərkibindəki flavanollar və digər polifenollar vasitəsilə bifidobakteriyalar da daxil olmaqla faydalı bağırsaq bakteriyalarını dəstəkləyə bilər.
Mütəxəssislərin diqqət çəkdiyi digər iki içki kefir və kombuçadır. Fermentasiya nəticəsində yaranan canlı mikroorqanizmlərlə zəngin kefir bağırsaq mikroflorasının müxtəlifliyini artırmağa və bakterial tarazlığı qorumağa kömək edə bilər. Kombuça isə fermentləşdirilmiş çaydır. Onun tərkibindəki canlı mikroorqanizmlər və üzvi turşular bağırsaq mikrobiomu ilə qarşılıqlı təsir göstərə bilər.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, bu içkilərin həzm sisteminə təsiri ilə bağlı əlavə araşdırmalara ehtiyac var. Onlar balanslaşdırılmış qidalanmanı əvəz etmir və hər kəsdə eyni nəticəni verməyə bilər.
Samir


