Ürək sağlamlığının qorunması üçün xolesterinin normal səviyyədə saxlanılması mühüm əhəmiyyət daşıyır və bu prosesdə qidalanma əsas amillərdən biridir.
Hit.az xəbər verir ki, “Prevention” nəşrinin yazdığına görə, müəyyən məhsulların müntəzəm istehlakı xolesterinin yüksəlməsinin qarşısını almağa, bununla da ürək-damar xəstəlikləri, infarkt və insult riskini azaltmağa kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, faydalı məhsulları rasiona əlavə etməzdən əvvəl xolesterini artıran qidalardan mümkün qədər uzaq durmaq lazımdır.
Ürək-damar xəstəliklərinin profilaktikası üzrə kardioloq Treysi Paeşkenin sözlərinə görə, qidalanma vasitəsilə xolesterini azaltmağın ən təsirli yolu onu yüksəldən məhsulların qəbulunu dayandırmaq və ya minimuma endirməkdir.
“Bunlara trans yağlar, doymuş yağlar və tropik yağlar daxildir”, deyə o bildirib.
Bundan sonra isə xolesterinin sağlam səviyyədə saxlanılmasına kömək edən məhsullara üstünlük vermək tövsiyə olunur.
Kardiologiya üzrə diyetoloq Mişel Rutenşteyn qeyd edib ki, kifayət qədər həll olunan və həll olunmayan lif, doymamış yağlar, polifenollarla zəngin məhsullar və balanslaşdırılmış qidalanma xolesterinin azalmasına kömək edir.
Onun sözlərinə görə, bu məhsullar bağırsaqlarda xolesterini bağlayaraq orqanizmdən xaric olunmasını sürətləndirir, həmçinin yağların emalını yaxşılaşdıraraq xolesterin istehsalını azaldır.
Xolesterini azaltmaq üçün ən faydalı məhsul
Treysi Paeşke hər gün təxminən üçdəbir stəkan duzsuz qoz-fındıq yeməyi tövsiyə edir. Buraya qoz, badam, püstə və keşyu daxildir.
“Nutrients” jurnalında dərc olunmuş araşdırmaların icmalına əsasən, qoz-fındığın müntəzəm istehlakı ümumi xolesterinin, LDL (“pis” xolesterin), triqliseridlərin və aterosklerotik lövhələrin yaranmasında iştirak edən apolipoprotein B zülalının səviyyəsini sabit şəkildə azaldır.
Bundan əlavə, qoz-fındıq arterial təzyiqin aşağı düşməsinə və ürək-damar xəstəliklərindən ölüm riskinin azalmasına da töhfə verir.
Daha bir faydalı məhsul
Əgər qoz-fındıq artıq gündəlik rasionunuzdadırsa, Mişel Rutenşteyn daha çox mərci yeməyi məsləhət görür.
Onun sözlərinə görə, mərci təkcə həll olunan liflə zəngin deyil, həm də sink, maqnezium və kalium mənbəyidir. Bu minerallar qan təzyiqinin normal səviyyədə qalmasına və damar sağlamlığının qorunmasına kömək edir.
Diyetoloq bildirib ki, mərci tərkibindəki həll olunan lif bağırsaqlarda xolesterin və öd turşularını bağlayaraq onların orqanizmdən xaric olunmasını sürətləndirir. Bu da sağlam qidalanma fonunda LDL xolesterinin səviyyəsinin azalmasına şərait yaradır.
“Nutrients” jurnalında dərc edilmiş digər araşdırma da gündəlik mərci istehlakının həm ümumi, həm də LDL xolesterinin səviyyəsini azaltdığını göstərib.
Samir


