Diş həkimi diş məcununu nə vaxt və niyə dəyişməyin vacib olduğunu açıqladı

SAĞLAMLIQ
20:56 / 14.07.2026
39

Diş həkimi, tərkibindən asılı olaraq bəzi diş məcunlarının uzun müddət istifadə üçün uyğun olmadığını, xüsusilə ağardıcı və müalicəvi məcunların isə yalnız müəyyən müddət ərzində tətbiq edilməli olduğunu bildirib.

HİT.az xəbər verir ki, tibb elmləri namizədi, stomatoloq Andrey Lavrovun gazeta.ru-ya verdiyi məlumata görə, gündəlik istifadə üçün nəzərdə tutulan adi gigiyenik diş məcunları tərkibi uyğun gəldiyi və narahatlıq yaratmadığı halda uzun müddət istifadə oluna bilər. Onun sözlərinə görə, bu cür məcunlar asılılıq yaratmır.

Həkim qeyd edib ki, tərkibində triklozan və ya xlorheksidin kimi antiseptik maddələr olan məcunlardan uzun müddət istifadə edildikdə ağız boşluğundakı bakteriyalar onlara daha az həssas ola bilər. O bildirib ki, bu, asılılıq deyil, mikroorqanizmlərin uyğunlaşmasıdır. Flüor tərkibli və əksər digər məcunlarda isə belə təsir müşahidə olunmur.

Andrey Lavrov vurğulayıb ki, diş məcununu dəyişmək əsasən ixtisaslaşmış məhsullara aiddir.

Onun sözlərinə görə, ağardıcı diş məcunlarının tərkibində abraziv hissəciklər və ya hidrogen peroksid olur. Bu məhsulların hər gün istifadəsi diş minasını nazildə və həssaslığı artıra bilər.

Həkim ağardıcı məcunların həftədə 2–3 dəfə, kurs şəklində istifadə edilməsini tövsiyə edib. O bildirib ki, abraziv maddələr diş minasına mexaniki zərər verə bilər.

Lavrov əlavə edib ki, həssas dişlər üçün nəzərdə tutulmuş məcunlar problemin səbəbi müəyyən edilmədən istifadə olunduqda kariyes və ya parodontit kimi xəstəliklərin əlamətlərini gizlədə bilər. Antiseptik tərkibli məcunlar isə ağız boşluğunun mikroflora balansını poza bilər. Bu səbəbdən belə məhsullar yalnız həkim məsləhəti ilə 2–4 həftəlik kurs şəklində istifadə edilməlidir.

Mütəxəssis diş məcununu dəyişmək üçün əsas səbəbləri də sadalayıb. Bunlara diş və ya diş ətlərinin vəziyyətində dəyişikliklərin baş verməsi, müalicə kursunun başa çatması, yan təsirlərin yaranması, həyat tərzi və ya mövsüm dəyişiklikləri, eləcə də məcunun xarab olması daxildir.

Diş məcunu seçərkən isə onun abrazivlik göstəricisinə (RDA) diqqət yetirilməsi tövsiyə olunur. Gündəlik istifadə üçün RDA göstəricisi 50–100, həssas dişlər üçün isə 20–50 olan məhsullar uyğun hesab edilir.

Həkim bildirib ki, flüor diş minasını möhkəmləndirsə də, həddindən artıq istifadəsi flüoroz adlanan vəziyyətə və dişlərdə ağ ləkələrin yaranmasına səbəb ola bilər. Kalsium və hidroksiapatit isə diş minasının bərpasına kömək edir. Antiseptik maddələr isə yalnız iltihab hallarında və qısa müddət ərzində istifadə olunmalıdır.

Andrey Lavrovun sözlərinə görə, diş məcununun dəyişdirilməsi üçün əsas meyar reklam şüarları deyil, dişlərin və ağız boşluğunun real vəziyyəti olmalıdır.

Samir
 

0