ABŞ-da 30 il "Mayo Clinic"də çalışmış nevroloq Devid Dodik uzun illər sağlam beyin fəaliyyətini qorumağa kömək edən gündəlik vərdişlərdən danışıb.
HİT.az xəbər verir ki, bu barədə "CNBC Make It" nəşrinə istinadən "abczdrowie.pl" məlumat yayıb.
Həkimin sözlərinə görə, profilaktikanın əhəmiyyətini o, illər keçdikcə daha dərindən anlayıb. Onun fikrincə, insult və yaddaş pozğunluğu kimi xəstəliklərin qarşısını almaq üçün ilk əlamətlər yaranmazdan xeyli əvvəl sağlam həyat tərzinə diqqət yetirmək lazımdır.
"Bu xəstəliklər onilliklər ərzində inkişaf edir. İnsan mənim qəbuluma gəlməzdən əvvəl onun sağlamlığını qorumaq və insultun, yaxud yaddaş itkisinin qarşısını almaq üçün kifayət qədər vaxt olur", deyə Dodik bildirib.
Nevroloq hesab edir ki, beyin sağlamlığını qorumağın əsas şərti bütün orqanizmin qayğısına qalmaqdır. Onun gündəlik rejimində keyfiyyətli yuxu, fiziki aktivlik, düzgün qidalanma, beyin məşqləri və stressin idarə olunması əsas yer tutur.
Dodik etiraf edir ki, özü də bu qaydalara hər zaman tam riayət etmir.
"Hamımız məşğuluq və heç kim mükəmməl deyil. Ancaq vaxtın 80–90 faizində sağlam vərdişlərə əməl etmək artıq ən vacib məsələdir", deyə o bildirib.
Həkim həftədə azı 150 dəqiqə orta intensivlikli fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edir. Bu zaman nəbz sürətlənməli, lakin insan danışa bilməlidir. O, özü hər gün qaçır və güc məşqləri edir.
"Fiziki məşqlər yazdığım ən yaxşı reseptdir və eyni zamanda pasiyentin yerinə yetirə biləcəyi ən yaxşı reseptdir", deyə nevroloq vurğulayıb.
Onun sözlərinə görə, yaş artdıqca güc məşqləri əzələ kütləsinin azalmasını ləngidir. Əzələlərin qorunması isə insulinə həssaslığın, maddələr mübadiləsinin və dolayısı ilə beyin sağlamlığının saxlanmasına kömək edir.
Dodik qeyd edib ki, yalnız fiziki hərəkət kifayət deyil. Beyin daim yeni çağırışlara ehtiyac duyur. Xarici dil öyrənmək, musiqi alətində ifa etmək, rəqs etmək və ya boksla məşğul olmaq yaddaş, diqqət və koordinasiyanın inkişafına müsbət təsir göstərir.
Həkim keyfiyyətli yuxu və xroniki stressin azaldılmasını da uzunömürlülüyün mühüm şərtlərindən hesab edir. O, özü meditasiya, nəfəs məşqləri və biofidbek metodundan istifadə edir, digərlərinə isə yoqa, pilates, dua və ya sakitləşdirici təsir göstərən digər üsulları tövsiyə edir.
Qidalanmada Dodik "MIND" pəhrizinə üstünlük verir. Bu qidalanma modeli Aralıq dənizi pəhrizini və arterial təzyiqin tənzimlənməsinə yönəlmiş prinsipləri birləşdirir. Rasionun əsasını tərəvəz, meyvə, paxlalılar, qoz-fındıq, zeytun yağı, balıq və quş əti təşkil etməlidir. Ultraemal olunmuş məhsulların və spirtli içkilərin isə məhdudlaşdırılması tövsiyə olunur.
Həkim bütün qidalanma rejimini birdən dəyişməməyi, həftədə bir-iki gün sağlam qidalanmaqla başlayaraq bu müddəti tədricən artırmağı məsləhət görür.
Nevroloqun fikrincə, uzunömürlülüyün digər vacib amili canlı ünsiyyətdir. O, ailəsi və dostları ilə mütəmadi görüşdüyünü, həyat yoldaşı ilə gəzintiyə çıxdığını, muzeylərə getdiyini və sosial əlaqələrini daim qoruduğunu bildirib.
"Mən gün ərzində demək olar ki, hər an insanlarla ünsiyyətdəyəm və bu, son dərəcə vacibdir", deyə Devid Dodik əlavə edib.
Samir


