Bir çox insan şirin meyvə və giləmeyvələrin qanda qlükoza səviyyəsini artırdığını düşünərək onlardan, hətta mövsümündə belə, imtina edir. Lakin mütəxəssislər bildirirlər ki, təbii şəkərlərin orqanizmə təsiri məhsulun ümumi tərkibindən, lif və digər faydalı maddələrin miqdarından asılıdır.
HİT.az xəbər verir ki, "EatingWell" portalının ekspertləri albalının qanda şəkər səviyyəsinə təsiri və təhlükəsiz qəbul miqdarı barədə məlumat veriblər.
Albalı diabet zamanı istifadə oluna bilərmi?
Diyetoloqların sözlərinə görə, albalı prediabet və ya şəkərli diabet diaqnozu qoyulmuş insanlar da daxil olmaqla, əksər şəxslər üçün uyğun giləmeyvə hesab olunur. Tərkibində karbohidrat olduğuna görə yeməkdən sonra qlükoza səviyyəsini yüksəltsə də, bu artım adətən kəskin olmur və nəzarətdə saxlamaq mümkündür.
"MedlinePlus" portalında dərc olunmuş araşdırmalara əsasən, albalının əsas üstünlüklərindən biri onun aşağı qlisemik indeksə malik olmasıdır. Bu səbəbdən albalı qanda şəkərin səviyyəsini şirniyyat və ya un məmulatları ilə müqayisədə daha yavaş artırır və qəlyanaltı və ya desert kimi yaxşı seçim sayılır.
Albalının qanda şəkərə təsiri necədir?
Bir stəkan albalının tərkibində təxminən 22 qram karbohidrat olur ki, bunun da 18 qramı təbii şəkərlərin payına düşür. Eyni zamanda bu miqdarda təxminən 3 qram lif və xeyli su mövcuddur. Bu xüsusiyyətlər qlükozanın qana tədricən keçməsinə kömək edir və onun kəskin yüksəlməsinin qarşısını alır.
Bundan əlavə, albalı antosianinlər, polifenollar, C vitamini və beta-karotin kimi antioksidantlarla zəngindir. "MDPI" elmi platformasında dərc olunmuş araşdırmaya görə, bu maddələr iltihabı azaltmağa və hüceyrələrin insulinə həssaslığını artırmağa kömək edə bilər. Nəticədə zamanla qanda şəkər səviyyəsinin tənzimlənməsinə müsbət təsir göstərə bilər.
Diabet zamanı nə qədər albalı yemək tövsiyə olunur?
Mütəxəssislər bir dəfəyə yarım stəkandan bir stəkana qədər albalı yeməyi tövsiyə edirlər. Porsiyanın dəqiq həcmi fərddən asılı olsa da, əsas prinsip qəbul edilən giləmeyvə miqdarı artdıqca orqanizmə daxil olan karbohidratların da artdığını nəzərə almaqdır.
"American Diabetes Association"ın tövsiyəsinə əsasən, şəkərli diabeti olan şəxslər təzə və ya dondurulmuş albalıya üstünlük verməlidirlər. Çünki albalı şirəsi və ya qurudulmuş albalı ilə müqayisədə bu məhsullar daha çox lif ehtiva edir, daha yavaş həzm olunur və qanda şəkərin səviyyəsinin daha sabit qalmasına kömək edir.
Mütəxəssislər albalını yunan yoqurtu, kəsmik, pendir və ya qoz-fındıq kimi zülal və faydalı yağlarla zəngin məhsullarla birlikdə qəbul etməyi də məsləhət görürlər. Bu, karbohidratların mənimsənilməsini ləngidir və toxluq hissinin daha uzun müddət qalmasına kömək edir.
Beləliklə, mütəxəssislərin fikrincə, şəkərli diabet zamanı albalıdan tamamilə imtina etməyə ehtiyac yoxdur. Onu ölçülü miqdarda və düzgün qida kombinasiyasında qəbul etdikdə sağlam qidalanmanın bir hissəsi ola bilər.
Samir


