Psixoloq daimi yataqda qalmaq istəyinin səbəblərini açıqladı

SAĞLAMLIQ
23:51 / 16.07.2026
47

Daim yataqda uzanmaq istəyi təşviş pozuntuları, depressiya, xroniki həddindən artıq yorğunluq və ya psixoloji travmanın nəticələri ilə əlaqəli ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə psixoloq Oksana Koryakina “İzvestiya” qəzetinə açıqlamasında bildirib.

Mütəxəssis xəbərdarlıq edib ki, əgər insan iki həftədən artıq müddətdə demək olar ki, yataqdan qalxmır, şəxsi qulluğa laqeyd yanaşır, ətrafdakılarla ünsiyyətdən yayınır, əvvəl maraq göstərdiyi fəaliyyətlərə marağını itirir və yuxudan sonra belə özünü yorğun hiss edirsə, bu, ciddi psixoloji problemlərin əlaməti ola bilər.

Psixoloqun sözlərinə görə, daim yataqda qalmaq istəyi çox vaxt orqanizmin müdafiə reaksiyasıdır. Uzunmüddətli stress zamanı sinir sistemi enerji ehtiyatlarını qorumağa çalışır və nəticədə gündəlik işlər belə insandan böyük enerji tələb edir. Belə hallarda yataq təşvişdən, emosional tükənmişlikdən və ya ağır həyat hadisələrindən yayınmaq üçün təhlükəsiz məkan kimi qəbul edilir.

“Bu vəziyyətdə insan özünü tənbəllikdə günahlandırmamalıdır. İlk növbədə somatik səbəblərin istisna edilməsi üçün həkimə, daha sonra isə vəziyyətin ətraflı qiymətləndirilməsi məqsədilə psixoloq və ya psixiatra müraciət etmək lazımdır”, deyə o bildirib.

Ekspert əlavə edib ki, təkcə bu əlamət depressiya diaqnozu qoymaq üçün kifayət etmir. Oxşar hallar təşviş pozuntuları, psixoloji travmanın nəticələri, xroniki yorğunluq və bir sıra digər xəstəliklər zamanı da müşahidə oluna bilər. Buna görə də insanın vəziyyəti kompleks şəkildə qiymətləndirilməlidir.

Bərpa prosesi üçün mütəxəssis gündəlik fəaliyyətə tədricən qayıtmağı tövsiyə edib. O, yataqdan qalxmaq, üzü yumaq, yeməyi masa arxasında qəbul etmək və qısa gəzintilərlə başlamağı məsləhət görüb. Fiziki və psixoloji passivlik uzun müddət davam edərsə, tibbi səbəblər araşdırılmalı və zərurət olduqda psixoloq, psixoterapevt və ya psixiatra müraciət edilməlidir.

Samir
 

0