Həkim saçların niyə tez yağlandığını açıqladı

SAĞLAMLIQ
16:06 / 18.07.2026
50

Baş dərisinin piy vəziləri tərəfindən ifraz olunan sebum saçların tez çirklənməsinin əsas səbəbidir. 

HİT.az xəbər verir ki,bu barədə "Skandinaviya Sağlamlıq Mərkəzi"nin trixoloqu Anna Matveyeva "Gazeta.Ru"ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sebum saçları qurumaqdan qoruyur və nəmliyi saxlayır. Normal miqdarda olduqda saçlar baxımlı görünür. Lakin piy vəziləri həddindən artıq aktiv işlədikdə, saçlar yuyulduqdan cəmi bir neçə saat sonra kök hissədən yağlanmağa başlayır.

"Sebumun ifraz sürətinin 60–70 faizi genetik amillərlə müəyyən olunur. Əgər valideynlərin saçları tez yağlanırdısa, övladlarında da bu xüsusiyyət böyük ehtimalla müşahidə olunacaq. Bu genetik xüsusiyyəti dəyişmək mümkün deyil, lakin piy vəzilərinin fəaliyyətini gücləndirən amilləri nəzarətdə saxlamaq olar", deyə Matveyeva bildirib.

Həkimin sözlərinə görə, ikinci mühüm amil hormonlardır. Androgen hormonları piy vəzilərinin fəaliyyətini birbaşa stimullaşdırır. Yeniyetməlik dövründə, qadınlarda menstrual tsiklin ikinci mərhələsində və polikistik yumurtalıq sindromu zamanı saçların daha tez yağlanması bununla əlaqədardır.

Üçüncü amil isə stress və yuxusuzluqdur. Xroniki stress kortizol hormonunun səviyyəsini artırır, bu isə androgenlərin aktivliyini gücləndirərək piy ifrazını artırır. İmtahan və ya gərgin iş dövrlərində saçların daha tez yağlanması da bunun nəticəsidir.

Qidalanma da mühüm rol oynayır. Sürətli karbohidratlar və trans yağlarla zəngin qidalar insulin səviyyəsini yüksəldir, insulin isə piy vəzilərini daha aktiv işləməyə sövq edir. Şəkər və şirniyyatların qəbulunun azaldılması 2–3 ay ərzində nəzərəçarpacaq nəticə verə bilər.

Matveyeva qeyd edib ki, insanların ən çox yol verdiyi səhvlərdən biri saçları çox tez-tez və aqressiv tərkibli şampunlarla yumaqdır.

"Dəri buna kompensasiya olaraq daha çox sebum ifraz etməklə cavab verir. Beləliklə, qapalı dövr yaranır: saç nə qədər tez-tez yuyulursa, bir o qədər sürətlə yağlanır", deyə o vurğulayıb.

Trixoloq tərkibində SLS və SLES olmayan yumşaq şampunlardan istifadə etməyi, saçları ilıq su ilə yumağı və baş dərisini dırnaqlarla deyil, barmaq ucları ilə yüngül masaj etməyi tövsiyə edir. O bildirib ki, sərt kran suyu da saçlara mənfi təsir göstərir. Kalsium və maqnezium duzları şampunun tam yuyulmamasına səbəb olur və saçın kutikula qatında toplanır.

Mütəxəssis təsirli komponentlər kimi sink piritionunu, salisil turşusunu və niasinamidi qeyd edib. Sink piritionu piy vəzilərinin fəaliyyətini azaldır və göbələklərə qarşı təsir göstərir. Salisil turşusu artıq piy qatını həll edir, niasinamid isə baş dərisinin qoruyucu baryerini gücləndirir. Uzunmüddətli istifadə üçün tərkibində sink piritionu və ya ketokonazol olan şampunlar daha məqsədəuyğun hesab olunur.

Bundan əlavə, gün ərzində saçlara tez-tez toxunmamaq da tövsiyə edilir. Saçları davamlı düzəltmək və ya baş dərisini qaşımaq onların daha tez yağlanmasına səbəb olur. Daraq mütəmadi təmizlənməli, saç isə kökdən deyil, orta hissədən başlayaraq daranmalıdır.

Matveyeva vurğulayıb ki, baş dərisinin tipini kökündən dəyişmək mümkün deyil, çünki bu, genetik xüsusiyyətdir. Lakin düzgün qulluq, normal yuxu rejimi və balanslı qidalanma sayəsində saçların yağlanma sürətini azaltmaq mümkündür. Əgər bütün bu tədbirlər nəticə vermirsə, hormonların səviyyəsini və qalxanabənzər vəzin funksiyasını yoxlatmaq tövsiyə olunur.

Samir

0