Hindistanlı həkim Amitabh Parti sağlamlığı qorumaq, stressin təsirini azaltmaq və xroniki xəstəliklər riskini aşağı salmaq üçün 8–8–8 qaydasını tövsiyə edir.
Hit.az xəbər verir ki, bu barədə "Medonet" nəşri yazıb.
Metod günün üç bərabər hissəyə bölünməsini nəzərdə tutur: 8 saat yuxu, 8 saat iş və 8 saat şəxsi həyata ayrılan vaxt.
Həkimin sözlərinə görə, tam dəyərli 8 saatlıq yuxu fiziki və psixi sağlamlığın əsasını təşkil edir. Məhz yuxu zamanı orqanizm bərpa olunur, immun sistemi güclənir, beyin isə məlumatları emal edərək yaddaşı möhkəmləndirir.
Bundan əlavə, keyfiyyətli gecə yuxusu hormonal tarazlığın qorunmasına kömək edir ki, bu da piylənmə, şəkərli diabet və depressiya riskini azalda bilər.
Həkim günün ikinci 8 saatını işə ayırmağı, lakin iş vaxtının 8 saatı keçməməsini tövsiyə edir.
“İş vaxtının 8 saatla məhdudlaşdırılması xroniki stressdən qoruyur. Xroniki stress isə insulinə qarşı müqavimətin və yüksək qan təzyiqinin yaranmasına səbəb olur. Bunlar klinikamda ən çox rast gəldiyim problemlərdəndir”, deyə Amitabh Parti bildirib.
Onun sözlərinə görə, uzunmüddətli stress kortizol hormonunun səviyyəsini artırır ki, bu da ürək-damar sistemi və maddələr mübadiləsinə mənfi təsir göstərir.
Həkim günün son 8 saatını ailə ilə ünsiyyətə, fiziki aktivliyə, sağlam qidalanmaya və istirahətə sərf etməyi məsləhət görür. Onun fikrincə, bu vərdişlər ürəyin, oynaqların və psixoemosional sağlamlığın qorunmasına kömək edir, həmçinin sosial təcrid riskini azaldır.
Bununla belə, həkim vurğulayır ki, 8–8–8 qaydası hər kəs üçün universal model deyil. O, yaşa, peşəyə, həyat tərzinə və sağlamlıq vəziyyətinə uyğun şəkildə fərdiləşdirilməlidir.
Məsələn, prediabeti olan şəxslərə boş vaxtlarını müntəzəm fiziki aktivliyə və düzgün qidalanma rejiminə həsr etmək tövsiyə olunur.
Həkimin sözlərinə görə, əsas məqsəd qrafikə mükəmməl şəkildə əməl etmək deyil, hər gün davam etdirilə bilən sağlam həyat vərdişləri formalaşdırmaqdır.
Samir


