Kopenhagen Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, piylənmə beyində qandakı yüksək şəkər səviyyəsini tanımağa cavabdeh olan mexanizmi sıradan çıxarır.
HİT.az xəbər verir ki, "Nature Communications" jurnalında dərc olunan araşdırmada bioloqlar yağlı qidaların hipotalamusdakı neyronların fəaliyyətini necə pozduğunu və bunun nəticədə 2-ci tip diabetin inkişafına səbəb ola biləcəyini təsvir ediblər.
Tədqiqat zamanı alimlər siçanların beynində 75 mindən çox hüceyrəni analiz ediblər. Adi qidalanan gəmiricilərdə qanda qlükozanın səviyyəsi yüksəldikdə böyümə hormonu ifraz edən neyronların aktivliyi azalırdı. Bununla yanaşı, beynin qidalanmasına cavabdeh olan qlial hüceyrələrin qoruyucu reaksiyası işə düşürdü.
Lakin səkkiz həftə ərzində yağlı qida qəbul edən heyvanlarda bu qanunauyğunluq tamamilə pozulub. Beyin ya artıq şəkərə ümumiyyətlə reaksiya verməyib, ya da böyümə hormonunu aktivləşdirib. Tədqiqat müəlliflərinin fikrincə, belə pozuntu sinir sisteminin "metabolik çevikliyini" itirməsinə səbəb olur.
Araşdırmanın aparıcı müəllifi Tune Pers bildirib: "Nəticələrimiz göstərir ki, beynin əsas bölgələri xroniki şəkər artımını müəyyən edə bilir, lakin bu tanıma sistemi piylənmə zamanı ciddi şəkildə pozulur".
Bioloqlar həmçinin qeyd edirlər ki, insanlarda qlükoza səviyyəsi ilə əlaqəli genetik variantlar məhz müəyyən edilmiş neyronlarda fəaliyyət göstərən genlərin yaxınlığında cəmlənir. Bu isə nəticələrin insan orqanizmi üçün də klinik əhəmiyyət daşıdığını göstərir.
Hipotalamus və beyin kötüyü ənənəvi olaraq iştahın və enerji sərfiyyatının idarə edilməsində əsas mərkəzlər hesab olunur. Elmə əvvəldən məlum idi ki, beyin orqanizmi qanda şəkərin kritik dərəcədə azalmasından effektiv şəkildə qoruyur. Lakin şəkərin həddindən artıq yüksəlməsinə reaksiyanın mexanizmi uzun müddət sirr olaraq qalırdı.
Yeni araşdırma beyində qlükozanı "ölçən" daxili mexanizmin mövcudluğunu təsdiqləməklə yanaşı, onun fəaliyyətinin pozulmasının artıq çəkinin yaranması ilə birbaşa əlaqəli olduğunu da göstərib.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu neyronların həssaslığının bərpası piylənmənin müalicəsində prinsipial olaraq yeni yanaşmaya çevrilə bilər. Gələcək dərmanlar beynin şəkər səviyyəsini adekvat qiymətləndirmək qabiliyyətini bərpa edə bilsə, bu, metabolik xəstəliklərlə mübarizəni mövcud üsullardan daha effektiv edə bilər.
Samir


