Diqqətini daha asan cəmləyə bilən insanlar tapşırığın mürəkkəbliyindən asılı olaraq beynin müxtəlif neyron şəbəkələrinin fəaliyyətini daha yaxşı dəyişə bilirlər.
HİT.az xəbər verir ki, bu nəticəyə Corciya Texnologiya İnstitutunun tədqiqatçıları gəlib. Araşdırmanın nəticələri "PNAS" jurnalında dərc olunub.
Alimlər təxminən 200 yetkin iştirakçını müşahidə ediblər. Əvvəlcə onların diqqəti idarə etmək, işçi yaddaş və ümumi intellekt qabiliyyətləri qiymətləndirilib, daha sonra funksional MRT vasitəsilə beyin fəaliyyəti araşdırılıb.
İştirakçılar əvvəlcə dincəlib, daha sonra aşağı və yüksək koqnitiv yüklə yadda saxlama tapşırıqlarını yerinə yetiriblər. Sonuncu halda onlardan yaddaşdakı məlumatları daim yeniləmək və eyni zamanda diqqəti yayındıran stimulları kənarlaşdırmaq tələb olunub.
Məlum olub ki, diqqəti daha yaxşı idarə edən insanların beyin şəbəkələri məhz tapşırığın çətinliyi artdıqda qarşılıqlı əlaqə xarakterini dəyişir. Xüsusilə daxili düşüncələr və xəyallarla əlaqəli şəbəkə aşağı yüklənmə zamanı diqqətin idarə olunması sistemi ilə əlaqəni qoruyub. Lakin mürəkkəb tapşırıq zamanı bu şəbəkələr bir-birindən kəskin şəkildə ayrılıb. Bu qabiliyyət beyin maksimum diqqət tələb olunan vəziyyətdə daxili diqqət yayındırıcılarını yatırmağa kömək edir.
"Oxşar mənzərə xarici stimullara diqqət yetirməyə cavabdeh olan şəbəkədə də müşahidə olunub. Yüksək konsentrasiyaya malik insanlarda onun idarəetmə sistemi ilə qarşılıqlı əlaqəsi məhz mürəkkəb tapşırıq zamanı güclənib. Diqqətə nəzarəti daha zəif olan iştirakçılarda isə ən nəzərəçarpan dəyişikliklər artıq istirahət vəziyyətindən sadə tapşırığa keçid zamanı baş verib", – alimlər izah ediblər.
Tədqiqatçılar həmçinin diqqətin idarə olunması sistemi ilə beynin kiçik bir hissəsi olan göyümtül nüvə arasında əlaqə aşkarlayıblar. Bu bölgə noradrenalin ifraz edir və oyanıqlığın, eləcə də koqnitiv proseslərin tənzimlənməsində iştirak edir. Ən çətin tapşırıq zamanı diqqəti ən yüksək olan iştirakçılarda bu bölgələrin fəaliyyəti sinxronlaşıb.
Müəlliflər hesab edirlər ki, yaxşı konsentrasiya qabiliyyəti sadəcə beynin daha yüksək aktivliyi ilə deyil, neyron şəbəkələri arasındakı qarşılıqlı əlaqəni tapşırığın tələblərinə uyğun olaraq çevik şəkildə yenidən qurmaq bacarığı ilə bağlı ola bilər.
Samir


