"Köhnə qavardiya"ya son zərbə - Məmurların yeni həbs dalğası gözlənilir

SİYASƏT
16:54 / 26.02.2021
2794

Dövlət şirkətlərinin fəaliyyəti ilə bağlı araşdırmalara start veriləcəyi gözlənilir. 

HİT.Az xəbər verir ki, bu qənaətdə olanlar prosesi korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi kimi dəyərləndirir. Araşdırmaların nəticəsi olaraq, həbslərin də həyata keçiriləcəyini ehtimal edilir.

Prezident İlham Əliyevin bu gün keçirdiyi mətbuat konfransında dövlət şirkətlərinin fəaliyyətini sərt tənqid etməsi də bu ehtimalları gücləndirir.  Ölkə başçısı bu barədə dəfələrlə danışıb. Amma bu gün etdiyi çıxış əvvəlkilərindən sərtliyi ilə fərqlənir. Hiss olunur ki, artıq hakimiyyətin zirvəsində dövlət şirkətlərinə şəxsi təsərrüfatları kimi yanaşan məmurlarla bağlı qəti tədbirlər görməyi zərurət hesab edirlər. Prezidentin dediklərinə diqqət edək:

“Hamı bilir ki, İnvestisiya Holdinqi nəyə görə yaranıb. Bu, mənim fərmanımda da qeyd edilib ki, idarəetmə sistemini təkmilləşdirmək üçün. Dövlət şirkətlərində idarəetmə sistemi axsayır, müasir tələblərə cavab vermir. Bu idarəetmə sistemi büdcədən pulların “sağılması” məqsədilə istifadə olunur.

Həmişə büdcədən dotasiyalara ehtiyac olur. Belə davam edə bilməz. Digər tərəfdən hazırkı vəziyyəti, həmçinin, Qarabağın da bərpasını nəzərə alsaq, strateji infrastruktur dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Bu mərhələdə məqsədimiz dövlət şirkətlərinin korporativ idarəetməsini beynəlxalq normalara çatdırmaqdır. Lazım olan nəzarəti təmin etməkdir”.

Göründüyü kimi, Prezident dövlət şirkətlərindəki mövcud idarəetmənin korrupsiyaya yol açdığını açıq şəkildə qeyd edir. Ardınca qəti şəkildə “bu belə davam edə bilməz” deyir. 

Ekspertlərin fikrincə, islahatlarla dövlət idarəetməsində müəyyən dəyişikliklərə nail olunsa da, köhnə qaydalarla işləməyə üstünlük verən, hətta bəzən bunu nümayişkar şəkildə edən məmurlar da var. 

Onlardan bəzilərinin şərti olaraq “köhnə qvardiya” adlandırılan, hakim komandadan uzaqlaşdırılan keçmiş yüksək vəzifəli şəxslərin orbitinə daxil olduğu barədə iddialar var. Bəzi hallarda idarəetmədəki nöqsanların da məqsədli şəkildə edildiyi, islahatçı qanadın fəaliyyətini sabotaj etməyə hesablandığı bildirilir. Görünən odur ki, artıq onlara qarşı son zərbənin vaxtı çatıb.

VÜQAR

0