Qərbin Qarabağ və sərhəd istəyi: Lavrov hansı planların mesajını verir?

SİYASƏT
17:54 / 09.06.2021
2206

Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ, sərhədlər və kommunikasiyanın bərpası ilə bağlı açıqlamalar verdi:

- Qarabağdakı rus sülhməramlılarının işinin öhdəsindən gədiyini dedi;

- Bakı və İrəvanın sülhməramlıların işindən razı olduğunu iddia etdi;

- Qarabağın “statusu”nun azərbaycanlılarla ermənilərin ATƏT-in humanitar dəstəyi ilə yan-yana yaşamağa başlayacağı təqdirdə həll etməyin asan olacağını vurğuladı;

- Sərhəddə baş verənlərin Qarabağa aidiyyətinin olmadığını qeyd etdi;

Rusiyanın baş diplomatının sözlərində proseslərin və qapalı danışıqlarda nələrin müzakirə edildiyi əksini tapır.

Qərb – Minsk qrupunun iki həmsədr ölkəsi (ABŞ və Fransa) müharibə vaxtı uzaq düşdükləri bölgəyə yenidən qayıtmaq istəyir və bu istiqamətdə biri hədəf, digəri hədəfə aparan vasitə olmaqla iki amildən istifadə edirlər.

Minsk qrupunun dirildilməsi: Qərb bölgəyə qayıtmaq üçün bundan vasitə olaraq istifadə edir. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Putinlə, Sergey Lavrovun almaniyalı həmkarı Hayko Maas və fransalı həmkarı Jan İv Lö Drianla Qarabağda üçtərəfli razılaşmaları və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etməsi də bu prosesin bir hissəsi idi.

Lavrov sülhməramlıları tərifləməsi, Bakı və İrəvanın “razılığın”dan danışması Qərb – digər həmsədr ölkələrə “sizə ehtiyac yoxdur” mesajının verilməsidir.

“Status” məsələsi Rusiyanın maraqlarına təhlükə yaranacağı təqdirdə istifadə edəcəyi gələcək kartıdır, lakin Lavrovun indi bunu dilə gətirməsi Vaşinqton və Parisə ünvanlanıb: ruslar ATƏT-ə Qarabağda humanitar fəaliyyət təklif edir və dolayısı ilə “status” məsələsinin də öz kurasiyasında olduğunu deyir.

Lavrovun “sərhəddə baş verənləri Qarabağdan ayırmasında” Qərbin əsas hədəfinin məğzi var.

“Beynəlxalq müşahidəçi”: Qərb Minsk qrupunun Qarabağ masasında “diriltməyin” daha çətin olduğunu anlayır, çünki bu məsələdə yeganə “giriş kartı” olan Ermənistan 10 noyabr razılaşmasına imza atıb. Əsas hədəf sərhəd məsələsinə “beynəlxalq müşahidəçi”lərin cəlb edilməsi və bölgəyə bu yolla qayıtmaqdır. Minsk qrupunun “dirildilməsi” bu hədəfə çatmaq üçün istifadə olunan kart hesab oluna bilər.

ABŞ “beynəlxalq müşahidəçi” təklifini Ermənistan vasitəsilə siyasi meydana daxil etdi. İndi Bakı üzərindən məsələni qəbul etdirmək istəyir. ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Rikerin Bakıya səfəri və burada verdiyi iki mesaj önəmlidir:

1. Sərhədlər keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir;

2. ABŞ bu prosesdə texniki yardım göstərməyə hazırdır.

Vaşinqton sərhəd məsələsində Bakının mövqeyinə yaxın çıxış etməklə Azərbaycanın dəstəyini qazanmağa çalışır.

Lavrovun Rikerin Bakıda olduğu gün sərhəddə baş verənləri Qarabağdan ayırması “həmsədr ölkələrin beynəlxalq müşahidəçi” olması təklifinə cavabdır: ruslar Minsk qrupu formatının sərhəd məsələsində işləməyəcəyinin mesajını verir.

Əsas mübarizə bölgədə kommunikasiyanın bərpa edilməsi, xüsusilə Zəngəzur dəhlizinə nəzarət üzərindədir.

Asif Nərimanlı

0