Azərbaycan-İraq sənədləri imzalanıb - FOTO/YENİLƏNİB

SİYASƏT
14:09 / 20.11.2023
500

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

HİT.az xəbər verir ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İraq Respublikasının əmək və sosial işlər naziri Əhməd Cassim Sabir Əl-Əsədi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İraq Respublikasının Turizm Xidmətinin rəisi Zafer Mahdi “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İraq Respublikasının Mülki Aviasiya Baş İdarəsinin rəisi İmad Əl-Əsədi “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzaladılar.

13.17

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər.

HİT.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Həmçinin prezidentlərin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

12.47

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü olub.

HİT.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

11.53

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib.

HİT.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

11.29

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub.

HİT.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verib.

Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İraq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti İraq Prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

0