Fransanın Ermənistanı silahlandırmasına səbəb Rusiyadır? - ŞƏRH

SİYASƏT
11:25 / 04.12.2023
433

"Fransanın Ermənistanı silahlandırması artıq geosiyasi olaraq qəti seçilmiş bir kursdur".

Bu sözləri politoloq Aydın Quliyev HİT.az-a açıqlamasında bildirib.

O deyib ki, rəsmi Parisin öz xoşu ilə yaxın gələcəkdə bu kursdan imtina edəcəyi gözlənilmir:

"Çünki Fransanın dünyanın müxtəlif geosiyasi məkanlarından və əhəmiyyətli bölgələrindən dövlət olaraq çıxarılması artıq faktdır. Xüsusilə, Afrika ölkələrində özü üçün çox qiymətli hesab etdiyi mövqeləri bir-birinin ardınca itirdikcə dünyanın başqa bölgələrində bu itkini kompensasiya etmək üçün gedişlər edir. Biz bu cəhdi Cənubi Qafqazda da görürük".

339128

Politoloq vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda tamamilə yeni qüvvələr nisbəti formalaşdırdı:

"Məhz Azərbaycanın gücü ilə yeni geosiyasi reallıqlar yaradıldı. Fransanın 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədri kimi bu münaqişəni həll etmək üçün səlahiyyəti olsa da, bundan Ermənistanın mənafeyi istiqamətində istifadə etdi. Buna görə də rəsmi Parisin planları tam uğursuzluğa düçar oldu. Üstəlik, bölgədəki reallıqlar Azərbaycanın tərəfindən təkbaşına yaradıldığı üçün Fransa və Ermənistan avtomatik olaraq geosiyasi regional reallıqlardan kənarda qaldı. 

Belə bir şəraitdə Fransanın Ermənistanı silahlandırması onun üçün bu bölgənin yeni reallıqları fonunda itirdiyi mövqeləri bərpa etmək məqsədinə xidmət edir. Rəsmi Paris başa düşür ki, regiona yenidən qayıtmaq və müttəfiqi Ermənistanı gücləndirmək istəyirsə onu silahlandırmalıdır. Yəni Fransanın bu addımı onun geosiyasi maraqlarından irəli gələn seçimdir. Görünür, öz xoşları ilə bu seçimdən imtina etməyəcəklər".

Aydın Quliyev diqqətə çatdırıb ki, Fransa bu bölgədə Ermənistanı silahlandırmaqla geosiyasi rəqabət çərçivəsində həm də Rusiyaya qarşı öz iradəsini ortaya qoyur:

"Üstəlik, hazırda Rusiyanın ətrafında Qərbyönlü rejimli formalaşdırılmaq siyasəti də real şəkildə həyata keçirilməkdədir. Ukraynada bu addım atılıb, Moldovada proseslər gedir, artıq Gürcüstanı da 15 dekabrda Avropa İttifaqına üzvlüyünə namizəd statusu ilə təmin edəcəklər. Fransa və Avropa İttifaqının planlarına əsasən, növbədə Ermənistan gəlir. Rusiyanın yaxın sərhəddindəki Ermənistanın da silahlandırılması, siyasi dəstəyin verilməsi artıq Qərbin mənafeyinə uyğun taktiki üsullara çevrilir. 

Düşünürəm ki, Fransanın bu pozucu siyasətinə qarşı mövqe ortaya qoyulmalıdır. Azərbaycanın maraqları və fəaliyyəti ortadadır. Rəsmi Bakı bu bölgənin problemlərini bölgədən kənar dövlətlərin müdaxiləsi ilə həllini istəmədiyini açıq şəkildə bəyan edib. Amma Rusiya və İran da Fransanın bu addımına qarşı qəti mövqe ortaya qoymalıdırlar". 

Pərviz

0