Ailəsinin evindən qurduğu Telegram botu vasitəsilə kriptovalyuta investorlarını aldadaraq 11,6 milyon dollardan çox vəsait ələ keçirən britaniyalı haker Teyler Byukenen ABŞ-da 6 il müddətinə azadlıqdan məhrum edilib. Kibercinayətlərə 19 yaşında başlayan 24 yaşlı şəxs “Scattered Spider” adlı haker qrupunun üzvü olub.
HİT.az xəbər verir ki, BBC-nin məlumatına görə, Şotlandiyanın Dandi şəhərindən olan Byukenenin işi Böyük Britaniya, ABŞ, İspaniya və Kanada hüquq-mühafizə orqanlarının birgə apardığı uzunmüddətli araşdırmadan sonra yekunlaşıb.
Saxta mesajlarla şirkət əməkdaşlarını aldadırdılar
ABŞ prokurorluğunun məlumatına əsasən, Byukenen hücumlara 2021-ci ildə başlayıb. O, ailəsinin evindən fəaliyyət göstərərək digər cinayət ortaqları ilə birlikdə iri texnologiya və telekommunikasiya şirkətlərinin əməkdaşlarını hədəfə alıb.
Hakerlər işçilərə yüzlərlə saxta SMS göndərərək onları şirkətlərin rəsmi səhifələrini təqlid edən internet saytlarına yönləndiriblər. Mesajlarda hesabın istifadə müddətinin bitmək üzrə olduğu və iş proqramlarına çıxışı itirməmək üçün yenidən giriş edilməli olduğu bildirilirdi.
Saxta saytlarda istifadəçi adı, şifrə və şəxsi məlumatlarını daxil edən əməkdaşların məlumatları Byukenenin yaratdığı Telegram botu vasitəsilə toplanıb. Prokurorların hesablamalarına görə, bu üsul iki ildən az müddətdə qrupa 8 milyon dollar qazandırıb.
Bir nəfərdən 1,67 milyon dollar oğurlanıb
Hakerlər şirkətlərdən əldə etdikləri məxfi məlumatlardan, elektron poçt ünvanlarından və telefon nömrələrindən kriptovalyuta investorlarının hesablarına daxil olmaq üçün istifadə ediblər. Bunun üçün SIM-kartın dəyişdirilməsi (SIM-swapping) üsuluna da əl atıblar. Bu texnika vasitəsilə cinayətkarlar qurbanın telefon nömrəsini öz nəzarətlərinə keçirərək hesabların təhlükəsizlik yoxlamalarını keçməyə çalışırlar.
İstintaq materiallarına görə, ən böyük tək əməliyyatlardan biri 2022-ci ilin dekabrında baş verib. Həmin hücum nəticəsində bir nəfər 1,67 milyon dollar itirib. Ümumilikdə isə Byukenen və onun ortaqlarının 11,6 milyon dollardan çox kriptovalyuta oğurladığı müəyyən edilib.
Rəqib hakerlərdən qaçdı, İspaniyada saxlanıldı
İşin diqqətçəkən məqamlarından biri də cinayətkar qrup daxilindəki qarşıdurmalar olub. 2023-cü ilin əvvəlində rəqib hakerlər Byukenenin internetdə istifadə etdiyi kimliyi və ev ünvanını ələ keçiriblər. Məlumatlara görə, o, evində hücuma məruz qalıb və qazla işləyən kəsici alətlə hədələnib.
Təhdidlərdən sonra bir müddət Kanadaya gedən Byukenen daha sonra Şotlandiyaya qayıdıb. 2023-cü ilin aprelində ABŞ Federal Təhqiqat Bürosunun (FBI) sorğusu əsasında Şotlandiya polisi onun otağında axtarış aparıb. Əməliyyat zamanı zərərçəkənlərin adları və ünvanları, kriptovalyuta cüzdanlarına giriş üçün istifadə olunan bərpa ifadələri və hesab məlumatları olan elektron cihaz aşkarlanıb.
2024-cü il mayın 31-də isə Byukenen İspaniyanın Palma-de-Mayorka hava limanında Neapola uçan şəxsi təyyarəyə minməyə hazırlaşarkən saxlanılıb. Daha sonra ABŞ-a ekstradisiya edilən haker barəsində məhkəmə hökmü çıxarılıb.
“Scattered Spider” qrupunun digər üzvləri də müxtəlif kibertəhlükəsizlik cinayətlərinə görə məsuliyyətə cəlb olunublar. ABŞ-da Byukenenlə eyni iş üzrə ittiham edilən dörd nəfər də təqsirlərini etiraf edərək həbs cəzası alıb. Qrupun iki üzvü isə London Nəqliyyat İdarəsinə 39 milyon funt sterlinq zərər vuran hücum da daxil olmaqla digər kibercinayətlərə görə iyul ayında İngiltərədə həbs edilib.
Samir


