Fransız heykəltəraş Ogüst Rodenin məşhur “Düşünən adam” əsərindən minilliklər əvvəl yaradılmış oxşar fiqur arxeoloqların diqqətini cəlb edir. Təxminən 7 min il yaşı olan və Rumıniyada aşkarlanan gil heykəlciklərin kimləri və ya nəyi təsvir etdiyi indiyədək dəqiq müəyyənləşdirilməyib.
HİT.az xəbər verir ki, “CHIP” nəşrinin məlumatına görə, “Çernavoda düşünənləri” adlandırılan iki kiçik heykəlcik 1956-cı ildə Rumıniyanın cənub-şərqində, Daş dövrünə aid qəbiristanlıqda tapılıb. Hazırda onlar Rumıniya Milli Tarix Muzeyində saxlanılır.
Bişmiş gildən hazırlanan və hündürlüyü 11,5 santimetr olan fiqurlardan biri “Düşünən”, digəri isə “Oturan qadın” adlanır. Kişi fiquru alçaq tabure üzərində oturmuş vəziyyətdə təsvir edilib. O, bədənini bir qədər irəli əyib, dirsəklərini dizlərinə dayayıb və başını iki əlinin arasına alıb. Bu duruş meditasiya edən və ya dərin düşüncələrə dalmış insanı xatırladır.
Qadın heykəlciyi isə fərqli görünüşə malikdir. Onun uzun, əyri boynu, kiçik üzü, nəzərəçarpan sinə və omba cizgiləri var. Fiqur bir ayağını bükərək oturmuş vəziyyətdə hazırlanıb.
Hamangiya mədəniyyətinin izləri
Arxeoloji tapıntılar eramızdan əvvəl 5200-4500-cü illər arasında Dunay çayı ilə Qara dəniz arasındakı ərazidə yaşamış Hamangiya mədəniyyətinə aid edilir. Bu icmanın əsas məşğuliyyətləri arasında qoyun və keçi yetişdirilməsi olub. Onlar həmçinin təpələrdə müdafiə məqsədli yaşayış məskənləri qurub, özünəməxsus naxışlı saxsı qablar və insan fiqurları hazırlayıblar.
Çernavoda qəbiristanlığında qazıntılara rəhbərlik etmiş arxeoloq Dumitru Berçiu çoxsaylı qadın və kişi heykəlcikləri aşkarlayıb. Lakin “Düşünən” və “Oturan qadın” digər nümunələrdən fərqlənib. Belə ki, tapılan fiqurların əksəriyyəti ayaqüstə təsvir edildiyi halda, bu iki heykəlcik oturmuş vəziyyətdə hazırlanıb. Bu fərq onların xüsusi məna daşıya biləcəyi ehtimalını gücləndirib.
Heykəlciklər nəyi simvolizə edir?
Arxeoloqların fikrincə, fiqurların hazırlanma məqsədi ilə bağlı müxtəlif ehtimallar var. Dumitru Berçiu onların real insan təsvirindən daha çox stilizə edilmiş formada yaradılmasını dini və ya magik məna daşıya bilmələri ilə əlaqələndirib. O, heykəlciklərin Günəşə sitayiş ənənəsi ilə bağlı ola biləcəyini də irəli sürüb. Bununla belə, bu ehtimalı təsdiqləyən birbaşa sübut yoxdur.
Rumıniya Milli Tarix Muzeyində isə başqa izahlar da nəzərdən keçirilir. Heykəlciklər kişi və qadın başlanğıcının vəhdətini, yaxud Neolit dövrünə aid ailə birliyini ifadə edə bilər. Onların qəbiristanlıqda aşkarlanması isə başqa bir ehtimalı gündəmə gətirir: fiqurlar dünyasını dəyişmiş insanın ardından yas saxlayan cütlüyü təsvir edə bilər.
Bütün bu fərziyyələrə baxmayaraq, heykəlciklərin əsl mənası hələ də məlum deyil. Bununla belə, başını əllərinin arasına almış kişi fiquru Rumıniyanın ən tanınmış arxeoloji nümunələrindən birinə çevrilib. Təxminən 7 min il yaşı olan “Düşünən” heykəlciyi hətta Rumıniya Milli Tarix Muzeyinin loqosunda da yer alır.
Samir


