Azərbaycanla Ermənistan arasında vasitəçisiz sülh müqaviləsi imzalana bilər? - RƏY

SİYASƏT
11:46 / 05.12.2023
589

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi hələ ki, baş tutmur". 

Bu sözləri politoloq Rüstəm Tağızadə HİT.az-a açıqlamasında deyib. 

O xatırladıb ki, son günlər Qazaxda keçirilən görüş də istənilən nəticəni vermədi:

"Qazaxda keçirilən görüşdə prioritet məsələ sərhədlərin demarkasiyası və delimitasiyası idi. Müxtəlif səbəblərə görə sülh müqaviləsinin imzalanması gecikir. Bəs səbəblər nələrdir? Birincisi, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasını məqsədli şəkildə uzadır. İkincisi Azərbaycan ilə Ermənistan arasında hələ şərti sərhəd mövcuddur. Yəni sərhədlərin delimitasiya və demarkasiya prosesi baş tutmayıb. Üçüncü isə İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özünə yeni ağa arayışındadır. Bu ağa  ABŞ ya da Fransanın timsalında görünür". 

339202

Politoloq qeyd edib ki, Ermənistan siyasi və iqtisadi gücü zəif olsa belə ordusunu silahlandırma xəttini götürüb:

"Bu proses isə sülhə xələl gətirir. Həmçinin, rəsmi İrəvan vasitəçilərlə də sülh prosesinə mane olur. Bütün bu səbəblər sülh prosesini gecikdirir. Əslində sülh müqaviləsinin bağlanması üçün vasitəçiyə ehtiyac yoxdur. Lakin Cənubi Qafqaz regionunun geosiyasi mövqeyinə görə bu məsələ özünü doğrultmur. 

1803-cü ildən Cənubi Qafqaz regionunda olan Rusiya ilə yanaşı, ABŞ və Fransa da bölgədə siyasi aktor kimi özünü göstərir. Son illər Türkiyə də Cənubi Qafqazda Rusiya kimi olmasa da aktiv siyasi rol oynayır. Bu məqamda Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan sülh müqaviləsinin imzalanması yaxın gələcəkdə real görünmür. Lakin sülh müqaviləsi olmasa belə sülhə çağırışa aid bəyanatlar verilə bilər". 

Pərviz

0