Prezidentlər Füzuli və Ağdama səfər edib - YENİLƏNİB

SİYASƏT
17:46 / 25.04.2024
333

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.

HİT.az xəbər verir ki, dövlət başçılarına qalanın bərpası işləri barədə məlumat verildi.

Bildirildi ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işləri aparılır. Burada 12 hektar ərazi abadlaşdırılıb, inzibati bina, bilet satışı məntəqəsi, avtodayanacaq tikilib. Şahbulaq iqamətgahı, Şah Abbas məscidi, restoran, otel kompleksi, söhbətgahlar, tədbir meydançası və anbar binası yaradılıb.

Dövlət başçıları Şahbulaq qalasının həyətində təndir çörəyinin və qutabın bişirilməsinə baxdılar.

17.30

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.

HİT.az xəbər verir ki, dövlət başçılarına Mərkəzdə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Konfrans Mərkəzi Ağdam rayonu işğaldan azad edildikdən sonra inşa olunub. Ağdam Konfrans Mərkəzində müasir tələblərə uyğun tədbirlərin - konfransların, seminarların, forumların, simpoziumların, işgüzar görüşlərin, konsertlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mərkəz artıq beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edir.

Dövlət başçıları Ağdam, Füzuli və Xocavənddə görülən işlərdən, eləcə də bu rayonlarda həyata keçiriləcək layihələrdən bəhs edən videoçarxa baxdılar.

Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.

17.05

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.

HİT.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli görülən işlər barədə dövlət başçılarına məlumat verdi.

Bildirildi ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Kompleksin ərazisinə tarixi abidələr, Pənahəli xanın iqamətgahı, qonaq evi, Mehdiqulu xanın məqbərəsi, Xanoğlan məqbərəsi, İbrahim xanın məqbərəsi, Pənahəli xanın məqbərəsi, Xurşidbanu Natəvanın abidəsi və qəbiristanlıq daxildir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı erməni vəhşiliyinin canlı şahididir. Ağdam şəhəri işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, bu kompleksin bərpası işlərinə başlanılıb. Həmçinin 2022-ci il oktyabrın 4-də XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin bərpadan sonra açılışı olub.

İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Sonra dövlət başçıları Qarabağ atlarına baxdılar.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə etdi.

15.22

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.

HİT.az xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib.

Bildirilib ki, bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirib, şəhəri yerlə-yeksan ediblər. Buna görə Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.

Məlumat verilib ki, Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Müasir şəhərsalma həlləri əsas götürülməklə yeni şəhər inşa olunur. Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə “Agdam City Hotel” və “Hilton Garden Inn” layihələri icra edilir. Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək. Ərazidə dağıntılar olduğu kimi saxlanılacaq. Muzey erməni vandallığının və işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyini çatdıracaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək.

Həmçinin qeyd olunub ki, şəhərin mərkəzi hissəsində 960 yerlik ümumtəhsil məktəbi də tikiləcək. Muğam Mərkəzi isə birmərtəbəli və ikimərtəbəli bloklardan ibarət olacaq.

Bildirilib ki, şəhərdə salınacaq Mərkəzi park üçün 5 hektar ərazi ayrılıb. Parkın ərazisi 4 zonaya bölünüb və insanların asudə vaxtlarının səmərəli keçirmələri üçün lazımi şərait yaradılacaq.

14.49

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

HİT.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qırğızıstan Prezidenti Sadır Japarova işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verdi. Qeyd edildi ki, inşa olunacaq Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq.

Sonda dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq.

Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

Vurğulandı ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu ilin martında Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi, eləcə də Prezident Sadır Japarovun təşəbbüsü ilə Ağdam rayonunda Qırğızıstan tərəfindən tikiləcək orta məktəbin təməlinin qoyulması ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının parlaq nümunələridir.

Həmçinin bildirildi ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir.

14.46

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

HİT.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

13.53

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

13.53

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

12.35

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

HİT.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

12.20

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

11.30

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.

HİT.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Məlumatda vurğulanıb ki, prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar.

11.15

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

HİT.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

0