“Son günlər Rusiyanın media və informasiya məkanında Azərbaycan əleyhinə ritorikanın kəskin şəkildə sərtləşməsi Bakı-Moskva münasibətlərində diqqət çəkən yeni bir mərhələ yaradıb”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, məsələ artıq ayrı-ayrı jurnalistlərin və ya veriliş iştirakçılarının subyektiv fikirləri çərçivəsindən çıxaraq, müxtəlif informasiya platformalarında ardıcıl şəkildə təkrarlanan kampaniya təsiri bağışlayır:
“Azərbaycan Xarici İşlər Nazirliyinin 18 avqust 2026-cı il tarixli açıqlaması bu baxımdan xüsusilə əhəmiyyətlidir. Nazirlik Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovu XİN-ə çağıraraq, son dövrlərdə Rusiya informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən “təxribat, təhqir və təhdid xarakterli” açıqlamalarla bağlı ciddi narahatlığını və qəti etirazını bildirib.
Rəsmi Bakının diqqət çəkdiyi faktlar təsadüfi deyil. XİN konkret olaraq 7 avqustda “Sputnik” radiosunda Azərbaycan rəhbərliyinin guya Rusiyanın “terrorçu və ekstremistlər siyahısı”na daxil edilməsi barədə absurd iddianın səsləndirilməsini, 9 avqustda “YouTube” platformasında, 13 avqustda “Çastota ponimaniya” layihəsində və 16 avqustda “Spas” telekanalında Azərbaycan rəhbərliyinə qarşı təhqiramiz və təxribatçı materialların yayılmasını qeyd edib. Nazirlik həmçinin Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsini və fiziki zorakılıq çağırışlarını qəbuledilməz hesab etdiyini bəyan edib”.
Deputat qeyd edib ki, burada suallar yaranır:
“Bu materiallar nə üçün məhz indi yayınlanır? Bu təsadüfi media ritorikası, yoxsa siyasi siqnaldır? Əlbəttə, hər bir media materialını birbaşa Rusiya dövlətinin rəsmi mövqeyi kimi qiymətləndirmək düzgün olmaz. Lakin söhbət bir neçə gün ərzində müxtəlif platformalarda eyni ölkəyə və onun rəhbərliyinə qarşı oxşar məzmunlu təhqir, təhdid və siyasi manipulyasiyaların ardıcıl şəkildə yayılmasından gedirsə, bunu sadəcə “jurnalistlərin şəxsi mövqeyi” kimi izah etmək də kifayət etmir.
Nazirlik bildirir ki, Azərbaycan tərəfi əvvəllər də bu fəaliyyətlərin qarşısının alınması barədə çağırışlar edib və məsələ müxtəlif siyasi səviyyələrdə müzakirə olunub. Buna baxmayaraq, eyni ritorikanın daha sərt formada davam etməsi ciddi narahatlıq doğurur. Deməli, məsələ artıq təkcə media etikası deyil, dövlətlərarası münasibətlərə təsir göstərə biləcək informasiya siyasəti məsələsidir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Rusiyanın Azərbaycana qarşı informasiya ritorikasının sərtləşməsinin mümkün səbəblərindən birini Azərbaycanın son illərdə əldə etdiyi yeni geosiyasi mövqedə axtarmaq lazımdır:
“Azərbaycan artıq Cənubi Qafqazda yalnız münaqişənin tərəfi kimi deyil, regionun gələcək təhlükəsizlik, nəqliyyat və enerji arxitekturasının formalaşmasında əsas aktorlardan biri kimi çıxış edir. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan razılaşmalar bu baxımdan dönüş nöqtəsi oldu. Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannaməsində sülh sazişinin razılaşdırılmış mətninin paraflanması, ATƏT-in Minsk prosesinin bağlanmasına dair birgə müraciət və regional kommunikasiyaların açılması məsələləri öz əksini tapdı.
Daha mühüm məqamlardan biri isə TRIPP layihəsidir. Vaşinqton razılaşmaları Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin rəsmi saytında dərc edilmiş sənədlərdə TRIPP-in regionun beynəlxalq ticarət və tranzit potensialının reallaşdırılmasına xidmət edəcəyi qeyd olunur. Bu dəyişiklik regiondakı ənənəvi geosiyasi təsir mexanizmlərinin yenidən qurulması deməkdir”.
Millət vəkili xatırladıb ki, Cənubi Qafqaz uzun illər Rusiya üçün xüsusi strateji əhəmiyyət daşıyan region olub:
“Azərbaycan-Ermənistan münaqişəsi də bu geosiyasi sistemin mühüm elementlərindən birinə çevrilmişdi. Lakin indi vəziyyət fərqlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağ münaqişəsi faktiki olaraq başa çatıb və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi yeni mərhələyə keçib. 3025-ci il Vaşinqton Bəyannaməsi də bu reallığı hüquqi-siyasi müstəvidə təsbit edən mühüm sənədlərdən biridir.
Sənəddə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında regional kommunikasiyaların açılmasının vacibliyi vurğulanır. Bu, regionda əvvəlki vasitəçilik mexanizmlərinin əhəmiyyətini azaldır. Azərbaycanın təşəbbüsü ilə ATƏT-in Minsk prosesinin ləğvi barədə razılığın əldə olunması da bunun göstəricisidir. Beləliklə, Azərbaycan Qarabağ məsələsinin beynəlxalq vasitəçilik mexanizmləri üzərindən yenidən gündəmə gətirilməsi imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb”.
Jalə Əliyeva söyləyib ki, Rusiyanın son media kampaniyasının digər diqqətçəkən tərəfi onun təkcə xarici siyasət mövzuları ilə məhdudlaşmamasıdır:
“Azərbaycan XİN açıq şəkildə bildirib ki, Rusiya informasiya məkanında Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirəsi və Azərbaycan xalqına, eləcə də ölkə rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsi qəbuledilməzdir. Bu, klassik informasiya təbliğatından daha təhlükəli mərhələdir.
Çünki informasiya təxribatının məqsədi yalnız ölkə haqqında mənfi fikir formalaşdırmaq olmaya bilər. Belə kampaniyalar cəmiyyət daxilində inamsızlıq yaratmaq, dövlət institutlarına etimadı zəiflətmək, sosial narazılıqları böyütmək və xarici auditoriyaya Azərbaycan haqqında mənfi siyasi təsəvvür ötürmək məqsədi də daşıya bilər.
Digər mühüm faktor Azərbaycanın Qərblə, xüsusilə ABŞ-la münasibətlərində baş verən dəyişiklikdir. 2025-ci il Vaşinqton sammitindən sonra Azərbaycan-ABŞ münasibətlərində yeni strateji mərhələnin əsası qoyuldu. 2026-cı ilin fevralında imzalanmış Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası iki ölkənin suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə qarşılıqlı dəstəyini təsdiqləməklə yanaşı, regional bağlantılar, enerji, tranzit, rəqəmsal infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Xüsusilə Trans-Xəzər Nəqliyyat Dəhlizi və TRIPP layihələri Azərbaycanın regional tranzit rolunu daha da gücləndirə bilər. Bu isə Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, Xəzər hövzəsi və Mərkəzi Asiya ilə Avropa arasındakı bağlantılarda strateji əhəmiyyətini artırır. Məhz buna görə Azərbaycanın çoxvektorlu xarici siyasəti müəyyən geosiyasi dairələrdə narahatlıq doğura bilər”.
Siyasətçi vurğulayıb ki, burada mühüm bir yanlış təsəvvürə də diqqət yetirmək lazımdır:
“Azərbaycanın Qərblə münasibətlərinin inkişaf etməsi avtomatik olaraq onun Rusiya ilə münasibətlərdən imtina etməsi demək deyil. Prezident İlham Əliyev dəfələrlə Azərbaycan-Rusiya münasibətlərinin normallaşdırılmasının və inkişafının vacibliyini vurğulayıb. 2024-cü ildə Şuşa Qlobal Media Forumunda dövlət başçısı Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsini açıq şəkildə gündəmə gətirmişdi.
Bu baxımdan Azərbaycanın mövqeyi kifayət qədər aydındır: Bakı müxtəlif dövlətlərlə əməkdaşlıq edir, lakin bu əməkdaşlığın heç biri digər tərəfdaşla münasibətlər hesabına qurulmur. Başqa sözlə, Azərbaycan öz siyasətində “ya Rusiya, ya Qərb” seçiminə istinad etmir deyil, qarşısında özünü qoymur. Azərbaycanın yanaşması “və” prinsipidir – həm Rusiya ilə əməkdaşlıq, həm Türkiyə ilə müttəfiqlik, həm Avropa ilə enerji və nəqliyyat əməkdaşlığı, həm də ABŞ-la strateji tərəfdaşlıq. Məhz bu müstəqil xətt Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biridir.
İnformasiya kampaniyasının digər mümkün istiqaməti Qarabağ məsələsidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması regionun siyasi reallığını kökündən dəyişib. Prezident İlham Əliyevin rəsmi çıxışlarında bu məsələ Azərbaycanın tarixi nailiyyəti kimi qiymətləndirilir və Qarabağ münaqişəsinin başa çatdığı vurğulanır. Bu reallığın informasiya məkanında yenidən mübahisələndirilməsi Azərbaycan üçün qəbuledilməzdir. Çünki Qarabağ məsələsinin yenidən “münaqişə” kimi təqdim edilməsi yalnız tarixi və siyasi reallığın təhrif edilməsi deyil, həm də regionun gələcəyi ilə bağlı yeni suallar yaratmaq cəhdinə çevrilə bilər”.
Onun sözlərinə görə, son günlər yayılan materialların xarakterinə diqqət yetirdikdə üç istiqamət xüsusilə nəzərə çarpır:
“Birinci istiqamət şəxsləşdirmədir. Tənqid Azərbaycan dövlətinin konkret siyasətindən daha çox ölkə rəhbərliyinə yönəldilir. İkinci istiqamət daxili siyasətə müdaxilə elementidir. Azərbaycanın daxili siyasi proseslərinin Rusiya media məkanında müzakirə mövzusuna çevrilməsi xarici informasiya təsirinin əlaməti kimi qiymətləndirilə bilər. Üçüncü istiqamət isə təhdid və zorakılıq ritorikasıdır. Azərbaycan XİN-in rəsmi açıqlamasında məhz bu məqam ayrıca vurğulanıb. Bu üç element bir yerdə artıq adi siyasi tənqiddən fərqli mənzərə yaradır.
Nə üçün məhz indi? Bu sualın bir cavabı yoxdur. Lakin hadisələrin zaman ardıcıllığı bir neçə amilin üst-üstə düşdüyünü göstərir. Bir tərəfdən Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsi və regionda yeni kommunikasiyaların gündəmə gəlməsi müşahidə olunur.
Digər tərəfdən Azərbaycan-ABŞ strateji tərəfdaşlığı və TRIPP kimi layihələr Azərbaycanın regional tranzit rolunu gücləndirir. Üçüncüsü, Azərbaycan öz xarici siyasətində müstəqilliyini daha qətiyyətlə nümayiş etdirir. Dördüncüsü, Bakı Rusiya ilə münasibətlərdə yaranan problemləri birbaşa və diplomatik kanallarla həll etməyə çalışır və media təxribatlarının dövlətlərarası münasibətlərə təsir göstərməsinə imkan vermək istəmir.
Beləliklə, son media kampaniyasını Azərbaycanın dəyişən geosiyasi mövqeyinə müəyyən dairələrin reaksiyası kimi qiymətləndirmək mümkündür. Azərbaycanın cavabının formasına da xüsusi diqqət yetirmək lazımdır. Bakı Rusiyanın mediasında yayılan materiallara cavab olaraq emosional qarşıdurma yaratmayıb. Bunun əvəzinə Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb və konkret faktlar əsasında rəsmi etirazını bildirib. Bu, əslində, kifayət qədər ciddi diplomatik mesajdır.
Azərbaycan bir tərəfdən münasibətlərin qorunmasında maraqlı olduğunu göstərir, digər tərəfdən isə dövlət suverenliyinə, daxili siyasi proseslərə və ölkə rəhbərliyinə qarşı təhdidlərin “media azadlığı” adı altında legitimləşdirilməsinə imkan verməyəcəyini nümayiş etdirir. XİN-in açıqlamasında Rusiyadan “təxirəsalınmaz və təsirli tədbirlər” görülməsi gözləntisinin ifadə edilməsi də bunu göstərir”.
Deputat deyib ki, əgər bu prosesə daha geniş prizmadan baxsaq, informasiya hücumlarının bir neçə potensial hədəfi olduğu görünür:
“Hədəf də bəllidir: Azərbaycan cəmiyyətinin psixoloji sabitliyi, dövlət institutlarına etimad, Azərbaycanın beynəlxalq imici, xarici siyasətin legitimliyi, Azərbaycanın regional təşəbbüsləri haqqında beynəlxalq ictimaiyyətdə şübhə yaratmaq. Azərbaycanın bu gün belə kampaniyalara cavab vermək imkanları əvvəlki illərlə müqayisədə daha genişdir. Ən mühüm üstünlük ondan ibarətdir ki, Azərbaycanın regional siyasi çəkisi artıb. Ölkə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Azərbaycan-Ermənistan sülh prosesi yeni mərhələyə keçib.
Bakı regional kommunikasiyaların açılması məsələsində təşəbbüskar mövqedədir. Azərbaycan ABŞ, Avropa, Türkiyə, Mərkəzi Asiya ölkələri və digər tərəfdaşlarla əlaqələrini genişləndirir. Eyni zamanda Azərbaycan Rusiya ilə münasibətlərin də qorunmasını istəyir. Müxtəlif geosiyasi mərkəzlərlə paralel əməkdaşlıq edə bilmək Azərbaycanın xarici siyasətinin müstəqilliyinin göstəricisidir və Azərbaycan artıq regional proseslərin passiv obyekti deyil, öz maraqlarını müəyyənlğşdirən və müdafiə edən müstəqil geosiyasi aktordur”.
Elmir Mustafa


