Bakının Nəsimi rayonu, Balababa Məcidov küçəsi, "Kubinka" adlanan ərazidə sakinlərlə "Vialon" MTK rəhbərliyi arasında münaqişə yaşanır. Buna səbəb şirkətin ərazidə bəzi evləri alaraq, söküntü işləri aparmasıdır.
Ərazidə bəzi sakinlərin evləri sökülüb, kompensasiya alıblar. Lakin kompensasiyanın məbləği ilə razılaşmayıb evlərini tərk etməyənlər də var.
Sakinlər iddia edirlər ki, "Vialon" MMC onlara evlərinin hər kvadratmetri üçün 2500 manat təklif edir, ancaq bu məbləğ mənzilinin kvadratı az olan ailələrə sərf etmir. Şikayətçilər həmçinin söküntü işləri aparılandan sonra ərazidə təmizlik işləri aparılmadığını, səliqə-səhman yaradılmadığını bildirdilər.
"Xəzər TV" sakinlərin iddialarına aydınlıq gətirmək məqsədilə "Vialon" MTK-nın baş ofisinə yollanıb. Qapını üzümüzə açsalar da, rəhbərliyin nahar fasiləsində olduğunu bildiriblər. Lakin iddialara aydınlıq gətirən olmayıb. Mühafizəçi rəhbərliyin bununla bağlı suallara cavab verməyəcəyini deyib.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, indiyədək həmin ərazidə bir neçə dəfə təmizlik işləri həyata keçirilib. Sakinlərin şikayəti ilə əlaqədar əraziyə yenidən baxış keçiriləcək.


