Evin damını deşən meteoritdə yüzlərlə amin turşusu aşkarlandı

DÜNYA
12:10 / 20.08.2026
51

ABŞ-ın Hillsboro şəhərində 2024-cü ildə bir evin damını deşərək içəri düşən meteorit alimlərin gözləmədiyi nəticələr ortaya çıxarıb. Tədqiqat zamanı kosmik daşın tərkibində yüzlərlə amin turşusu müəyyən edilib.

HİT.az xəbər verir ki, hadisə 16 iyul 2024-cü ildə baş verib. Həmin gün Nyu-York ştatının səmasında parlaq meteor müşahidə olunub. Meteoroidin böyük hissəsi atmosferdə parçalanıb, lakin təxminən 1,35 kiloqram ağırlığında fraqment Yer səthinə çataraq Hillsboroda bir evin damını deşib.

İki il sonra aparılan araşdırmada meteoritdə bir neçə yüz amin turşusunun olduğu üzə çıxıb. Onların əksəriyyətinin Yer üzündə rast gəlinmədiyi bildirilir. Bununla da elmə məlum olan amin turşularının ümumi sayı 500-ə yaxınlaşıb.

Amin turşuları zülalların əsas “tikinti blokları” hesab olunur və Yer üzündəki bütün məlum canlı orqanizmlərin həyati fəaliyyətində mühüm rol oynayır. İnsan, heyvan, bitki və göbələklər əsasən 22 amin turşusundan istifadə edir.

Alimlər hesab edirlər ki, kosmosda bu cür molekullar müxtəlif kimyəvi proseslər nəticəsində yarana bilər. Lakin Hillsboro meteoritində aşkarlanan amin turşularının yaranmasında suyun mühüm rol oynadığı ehtimal edilir. Tədqiqatçılara görə, onlar meteoritin mənşəyi olan göy cisminin ilkin mərhələlərində baş verən proseslər nəticəsində formalaşa bilər.

Bu kəşf alimlər üçün kosmosda həyatın yaranması ilə bağlı araşdırmalar baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki tapıntı kainatda həyatın əsasını təşkil edən mürəkkəb molekulların Yer kürəsindən kənarda da geniş yayıla biləcəyini göstərir.

Elm adamları isə hələlik əsas suallardan birinə cavab tapa bilməyiblər: kainatda bu qədər müxtəlif amin turşusu olduğu halda, Yer üzündə həyat niyə yalnız onların kiçik bir hissəsindən istifadə edir?

Samir

0