Gəlinlə qayınana arasındakı əsas problem nədir? - Psixoloqdan AÇIQLAMA

SOSİAL
12:44 / 13.09.2024
435

"Azərbaycanda bəzi analar yaşadıqları ailə içərisində qadınlıq duyğusunu hiss edə bilmədiyi, həyat yoldaşından kifayət qədər diqqət görmədiyi üçün oğullarına daha çox qayğı göstərməyə çalışırlar". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, yəni belə analar müəyyən mənada həyat yoldaşlarından görmədiyi qayğını oğullarından görmək istəyirlər:

"Ona görə də oğul övladlarına daha çox sevgi və qayğı göstərirlər. Həmin analar övladları böyüdükdən sonra bunun qarşılığı olan diqqət və qayğını almaq istəyirlər. Təəssüf ki, bəzi analar oğullarına o qədər bağlı olurlar ki, özləri etiraf etməsələr belə övladı evlənəndə belə ayrıla bilmirlər. Hətta oğulları ayrı yaşasa belə ailəsinə müdaxilə edirlər". 

357981

Həmsöhbətimiz qeyd edib ki, belə müdaxilələr isə getdikcə böyüməyə başlayır:

"Bu da öz növbəsində gəlinlə qayınana arasında da problemlərin yaranmasına gətirib çıxarır. Ona görə də, bir çox gəlin və ya ailəsi toydan öncə evlilikdə ayrı evdə yaşamaq düşüncələrini söyləyirlər. Amma bir çox qayınana oğlu ilə yaşamaq istəyir. Bəzən də evləndikdən sonra qərar dəyişir və birlikdə yaşamağa başlayırlar. Bərabər yaşadıqda isə ana həddindən artıq şəkildə oğluna sevgi və dəyər göstərir. Evdə bu hallar bəzi söz-söhbətlərə səbəb olur". 

Psixoloq qayınanalarla gəlinlər arasındakı əsas problemlərin səbəbindən də söz açıb:

"Qayınanların gəlinin işinə və həyatına müdaxilə etməsi böyük problemdir. Bəzi analar oğullarının ailəsinə çox qarışmağın doğru olmadığını unudurlar. Üstəlik, bizdə analar fikir bildirmir, birbaşa ailəyə müdaxilə edir. Hətta bəzən gəlinin övladı ilə münasibətlərinə belə müdaxilə olunur.

Ümumiyyətlə, hər kəs eyni deyil və hər bir şəxsin özünün fikri var. İlk növbədə bunu anlamaq lazımdır. Amma bəzi qayınanlar tərəfindən davamlı şəkildə ailəyə müdaxilə olması cütlüklərin ayrılmasına səbəb olur".

Pərviz
 

0