Nə üçün bəzi insanlar vaxtlarını sosial şəbəkələrdə keçirirlər? - 2 PSİXOLOJİ SƏBƏB

SOSİAL
14:20 / 04.10.2024
377

"İndiki dövrdə sosial şəbəkələr ən çox zamanımızı aparan zərərli vərdişlərdən biridir".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O, sosial şəbəkələrin əsas zərərlərindən bəhs edib:

"İndiki dövrdə sosial şəbəkələr sevdiklərimizə və işimizə ayıracağımız zamanı bizdən alır. Hətta buna görə bəzən gələcəyimizi qurmaq üçün lazım olan zamandan belə məhrum ola bilirik".

Psixoloq qeyd edib ki, bəzi insanlar sözügedən platformalarda başqalarının həyatlarını izləyərək günlərini keçirirlər:

359421

"Bu da müasir dövrün ən böyük problemlərindən biridir. Çünki insanlar saatlarını başqalarının həyatını izləməyə sərf edirlər. Əlbəttə ki, bu, çox ciddi bir problemdir. Həmçinin, bəzi insanların da sosial şəbəkələrdən çox istifadə etməsinə səbəb duyğularından və ya hər hansısa öhdəçiliyindən qaçma istəyidir. 

Yəni insan psixoloji olaraq 5-10 dəqiqə sosial şəbəkəyə girdikdən sonra işinə davam edəcəyini düşünür. Lakin 2-3 saatı telefon ekranı qarşısında keçirirlər. Beləliklə, bir çox işi və ya edəcəklərini təxirə salırlar". 

Onun sözlərinə görə, insanlar öhdəçiliklərindən çəkindikləri üçün sosial şəbəkələrə üz tuturlar:

"Bəzi insanlar həmin öhdəçilikləri arxasında duracaq gücü özlərində tapa bilmirlər. Bir çox insan da duyğularından qaçmaq üçün başqalarının həyatlarına qibtə ilə baxaraq zamanlarını sərf edirlər. Hərçənd ki, başqalarının etdiklərini izləmək öz edəcəklərimizi arxa plana atmaq deməkdir".

Pərviz

0